Azərbaycan Dövlət Aqrar Universiteti dünyanın məşhur elmi qiymətləndirmə sisteminin Web of Science bazasına çıxış əldə edib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) dünyanın məşhur elmi qiymətləndirmə sistemi olan “Clarivate Analytics” şirkətinin Web of Science bazasına çıxış əldə edib.

“Web of Science” platforması hər bir tədqiqatçının, universitetin və elmi-tədqiqat müəssəsinin elmi fəaliyyətinin kəmiyyət və keyfiyyət baxımından təhlilinə, ali təhsil müəssisələrində tədqiqatların daha səmərəli istiqamətlərinin müəyyən edilməsinə və uğurlu inkişaf strategiyalarının qurulmasına xidmət edir.

ADAU ilə “Clarivate Analytics” şirkətinin Web of Science bazası arasında 2022-ci il üçün bağlanan müqaviləyə əsasən Universitet Web of Science bazasına çıxış imkanı əldə edib. Bu bazaya çıxışın olması Universitetdə aparılan elmi araşdırmaların dünya standartlarına çatdırılması, həmçinin dünyada gedən elmi-tədqiqat işləri haqqında Universitetin professor-müəllim heyətinin məlumatlı olması üçün çox önəmlidir. Bu bazanın köməyi ilə alimlər öz sahələrinə uyğun elmi jurnalların müqayisəli qiymətləndirilməsini apara və nəşr üçün daha effektiv şəkildə jurnallar seçə bilərlər.

Web of Science bazasında elmin bütün sahələri üzrə araşdırma aparan nüfuzlu alimlərin əldə etdiyi nəticələri, onların çıxardığı qərarları da tapmaq mümkündür. Bütün bunlar istənilən araşdırmada uğur qazanmağa imkan verir.

Qeyd edək ki, ölkəmizin ali təhsil müəssisələrində elmi fəaliyyətin təkmilləşdirilməsi və Azərbaycan alimlərinin beynəlxalq elmi məlumat bazalarına çıxışını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Clarivate Analytics şirkəti arasında əməkdaşlığın əsası 2015-ci ildə qoyulub.



Azərbaycan Dövlət Aqrar Universiteti dünyanın məşhur elmi qiymətləndirmə sisteminin Web of Science bazasına çıxış əldə edib