Rektorlarımız

Azərbaycan Dövlət Aqrar Universitetinin (keçmiş AKTİ, AKTA) direktor və rektorları

Bu ali təhsil müəssisəsinə (Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası və Azərbaycan Dövlət Aqrar Universiteti) bütün fəaliyyəti dövründə 14 şəxs direktor və rektor qismində rəhbərlik etmişlər. İndiki rektor vəzifəsini icra edən ADAU-nun sayca 15-cı rəhbəridir.

RektorlarımızDadaş Xoca oğlu Bünyadzadə
(1888-1938)

1929-cu ildə sərbəst ali məktəb kimi formalaşdığı dövrün ilk aylarında Azərbaycan SSR Xalq Torpaq Komissarı direktor işləmişdir. Bakı qəzasının Fatmayı kəndində anadan olmuş, ilk təhsilini kənd məktəbində (mollaxanada) almış, sonralar rus-tatar məktəbində təhsilini davam etdirmiş, 8 aylıq türk pedaqoji kursunu bitirmişdir. Çalışdığı yüksək vəzifələrdə sənayenin, kənd təsərrüfatının, elm və mədəniyyətin inkişafı sahəsində xeyli əmək sərf etmiş, kənd təsərrüfatı, xüsusən, pambıqçılığın inkişafında xidmətlərinə görə Azərbaycanın və Zaqafqaziya SFSR - in “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunmuşdur.

1938-ci ildə repressiya olunmuş və güllələnmişdir.

Rektorlarımızİslam Məhəmməd oğlu Datıyev
(1895-1965)

Osetiyada anadan olmuşdur. 1929-1932-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda iqtisadiyyat fakültəsinin dekanı, direktorun tədris işləri üzrə müavini, sonralar bu İnstituta rəhbərlik etmişdir. Həmin dövrdə o, həmçinin, bitkiçilik kafedrasının ilk müdiri olmuş, üzərinə düşən işləri lazımi qaydada həyata keçirmişdir. Onun təşəbbüsü ilə meyvəçilik, subtropik və texniki bitkilər, üzümçülük və şərabçılıq, meşəçilik və tərəvəzçilik, ipəkçilik, qoyunçuluq və südçülük şöbələri yaradılmış, Azərbaycan Kənd Təsərrüfatı İnstitutu 1931-ci ildə Bakıdan Gəncəyə köçürülmüşdür.

Bakıda dəfn olunmuşdur.

RektorlarımızHüseyn Məmməd oğlu Musayev
(1889-1956)

1933-1934-cü illərdə instituta direktor kimi rəhbərlik etmişdir. Şamaxıda anadan olmuş, pedaqoji məktəbi bitirmiş, müxtəlif təhsil ocaqlarında müəllim, maarif şöbəsinin müdiri, Xalq Maarif Komissarı, Naxçıvanda Xalq Komissarlar Sovetinin sədri işləmişdir. AKTİ-də direktor işlədiyi dövrdə onun təşəbbüsü ilə bir neçə yeni fakültə və kafedra yaradılmışdır. 1933-cü ildə Gəncədə fəaliyyət göstərən 4 kənd təsərrüfatı təmayüllü ali məktəbin Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tərkibində birləşdirilməsinin təşəbbüskarı olmuş, burada 6 fakültə: tarlaçılıq, meyvə-tərəvəzçılik, zootexniklik, baytarlıq, kənd təsərrüfatının mexanikləşdirilməsi və hidromeliorasiya fakültələri yaradılmışdır. 1937-ci ilin əvvəlində Azərbaycan Pedaqoji İnstitutunun direktoru təyin olunmuş, həmin ilin sonlarında repressiya olunmuş, 1943-cü ildə Bakıya qayıtmış, 1954-cü ilədək uşaq evlərinə rəhbərlik etmiş, 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə bəraət qazanmışdır.

RektorlarımızYusif Paşa oğlu Tahirov
(1883-1937)

1883-cü ildə Türkmənistanda anadan olmuşdur. İlk təhsilini Krasnovodsk şəhər məktəbində almış, sonrakı təhsilini Orenburq kadet korpusunda davam etdirmiş, Xarkov Texnologiya İnstitutunun mexanika bölməsində, daha sonra Xarkov Universitetinin hüquq fakültəsində təhsil almışdır. 1919-cu ildə Bakıya köçdükdən sonra Kredit işləri idarəsində inspektor, 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Xalq Ərzaq Komissarlığında istehlak cəmiyyətləri şəbəkəsi yaratmış, Qusar sahə ərzaq idarəsinə sədrlik etmişdir. O, sonralar Quba Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş, 1923-cü ildə Naxçıvan vilayət partiya komitəsinin katibi vəzifəsinə təyin edilmişdir. 1926-cı ildə ona respublikada yeni yaradılan kənd təsərrüfatı kooperativinə - “Göybirliyi” İttifaqına başçılıq etmək tapşırılır, 1928-ci ildə Göyçay Dairə İcraiyyə Komitəsinin sədri vəzifəsinə seçilir, sonralar “Kolxozsentrin” sədri, Yağ Trestinin direktoru, “Azsovxoztrestin” Heyvandarlıq idarəsinin rəisi və direktor müavini vəzifələrində işləmişdir.

Y.Tahirov 1935-ci ildən 1936-cı ilin dekabr ayınadək Azərbycan Kənd Təsərrüfatı İnstitutunun direktoru vəzifəsində çalışmış, dəfələrlə Azərbaycan, Zaqafqaziya və Ümumittifaq Mərkəzi İcraiyyə Komitələrinin və yerli partiya-sovet orqanlarının tərkibinə seçilmişdir. 1937-ci ildə repressiya qurbanı olmuş, sonralar bəraət verilmişdir.

RektorlarımızƏzim Asəf oğlu Dadaşov
(1903-1938)

Bakının Əmircan kəndində anadan olmuşdur, Moskva şəhərində yaşamış, bir sıra vəzifələrdə çalışmış, sonralar SSRİ Elmlər Akademiyasının elmi işçisi olmuşdur. 1932-ci ilin yanvar ayında Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda iqtisadi nəzəriyyə kafedrasının müdiri təyin edilmiş, aprel ayında iqtisadiyyat şöbəsinin müdiri, sonralar iqtisadiyyat fakültəsinin dekanı, direktorun tədris işləri üzrə müavini, 1937-ci ilin yanvar ayından avqust ayınadək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun direktoru vəzifəsində işləmiş, 1937-ci il avqustun 1-də Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 08 yanvar 1938- cil tarixli hökmünə əsasən güllələnmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 20 oktyabr 1960-cı il tarixli qərarı ilə bəraət verilmişdir.

RektorlarımızMövsüm Musa oğlu Poladov (Poladzadə)
(1905-1966)

Qazaxda anadan olmuşdur. İnstitutun direktoru olmuşdur. AKTİ-nin 1932-ci il məzunudur, aqronomluq-tarlaçılıq ixtisasını bitirmişdir. Professor olmuşdur. 1938-1941-ci və 1953-1954-cü illərdə instituta rəhbərlik etmiş, 1941-ci il iyunun 23-də özü, müavinləri və bir neçə vəzifəli şəxslə könüllü Böyük Vətən Müharibəsinə getmiş, göstərdiyi xidmətlərə görə bir sıra orden və medallarla təltif edilmiş, cəbhədən qayıtdıqdan sonra Kənd Təsərrüfatı Naziri və bir neçə dövlət vəzifələrində çalışmışdır.

Bakıda fəxri xiyabanda dəfn olunmuşdur.

RektorlarımızSoltan Abbas oğlu Mirzəyev
(1909-1993)

Bakının Nardaran kəndində doğulmuşdur. AKTİ-nin məzunudur. 1942-1944-cü illərdə - müharibənin ağır dövlərində instituta rəhbərlik etmişdir. Moskvada K.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında dissertasiya müdafiə edərək respublikamızda ilk iqtisad elmləri namizədi alimlik dərəcəsi alanlardan biridir. Sonralar iqtisad elmləri doktoru elmi dərəcəsi və professor elmi adı almışdır. 1950-1962-ci illərdə sovxozlar naziri, Azərbaycan KP MK-nın şöbə müdiri, katibi, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru işləmişdir. Azərbaycan SSR və SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Onun çoxsaylı elmi məqalələri və kitablarında kənd təsərrüfatı istehsalının aktual problemlərinin tədqiqi öz əksini tapmışdır.

RektorlarımızBala Məmməd oğlu Ağayev
(1910-1989)

Şuşada anadan olmuşdur, 1944-1953-cü illərdə institutun direktoru vəzifəsində çalışmışdır. AKTİ-nin məzunudur. kənd təsərrüfatı elmləri doktoru, professor, torpaqşünaslıq və meliorasiya üzrə görkəmli alim, Macarıstan Elmlər Akademiyasının müxbir üzvü, Təbriz Universitetinin fəxri professoru seçilmişdir. Onun rəhbərliyi dövründə meşə təsərrüfatı fakültəsi yaradılmış, tələbə qəbulu planı və məzunların sayı əhəmiyyətli dərəcədə artmış, əvvəlki illərdən fərqli olaraq 1950-1953-cü illərdə kənd təsərrüfatına xeyli ali təhsilli mütəxəssis göndərilmişdir.

1943-cü ildə “Şərəf nişanı”, 1946-cı ildə Lenin ordenləri, bir neçə medalla təltif olunmuş, ikinci və üçüncü çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

RektorlarımızMəmməd Əsəd oğlu Mehdiyev
(1911-1988)

Şamaxıda anadan olmuşdur. 1954-1962-ci illərdə direktor və rektor qismində institutun rəhbəri olmuşdur. İrəvan Baytarlıq İnstitutunun məzunudur. 1938-ci ildə baytarlıq elmləri namizədi elmi dərəcəsi almış, həmin ildə də patologiya və terapiya kafedrasının müdiri təyin olunmuş, 1941-1945-ci illərin Böyük Vətən Müharibəsində iştirak etmiş, sonralar AKTİ-də həmin kafedranın müdiri, fakültə dekanı işləmiş, baytarlıq elmləri doktoru, professor, Respublika Ali Sovetinin deputatı olmuşdur. Rektor işlədiyi dövrdə onun təşəbbüsü ilə hidromeliorasiya və iqtisadiyyat fakültələri açılmış, institutda əsaslı dəyişikliklər aparılmış, yeni laboratoriyalar alınmışdır. 1963-cü ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnsititutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır.

RektorlarımızNiyaz Əli oğlu Səfərov
(1926-2009)

Gədəbəy rayonunda anadan olmuşdur. 1962-1972-ci illərdə institutun rektoru olmuşdur. AKTİ-nin məzunudur. 1942-1943-cü illərdə rayon ticarət şöbəsində inspektor, bir il kənd orta məktəbində müəllim işləmiş,1948-ci ildə aqronomluq fakültəsini bitirmişdir. Pambıqçılıq üzrə kənd təsərrüfatı elmləri namizədi, dosent, fakültə dekanı, Elmi – tədqiqat mexanikləşdirmə və elektrikləşdirmə institutunda böyük elmi işçi, laboratoriya müdiri, ASK Ali İdarəetmə məktəbində dosent olmuş, sonralar yenidən AKTİ-də dosent, kafedra müdiri, professor, professor-məsləhətçi kimi çalışmışdır. Əməkdar elm xadimi, professor P.Qrebennikovun elmi rəhbərliyi ilə namizədlik dissertasiyası müdafiə etmişdir. İşlədiyi dövrdə AKTİ-də bir sıra tikinti-abadlıq işləri aparılmış, kənd təsərrüfatının mexanikləşdirilməsi korpusu, baytarlıq klinikası, tədris emalatxanası, 4 tələbə yataqxanası inşa edilmişdir. SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə ona yüksək elmi göstəricilərinə görə professor elmi adı verilmişdir.

RektorlarımızBəhmən Bəhrəm oğlu Xəlilov
(1930-2011)

Gəncə şəhərində anadan olmuşdur, 1973-1983-cü illərdə institutun rektoru olmuşdur. AKTİ-nin 1952-ci il məzunudur.1952-1958-ci illərdə bu İnstitutun entomologiya və fitopatologiya kafedrasında assistent,1958-1963-cü illərdə Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunda böyük elmi işçi və şöbə müdiri işləmiş, sonralar yenidən AKTİ-də dosent, professor, kafedra müdiri, professor-məsləhətçi kimi çalışmışdır.1972-1973-cü illərdə tədris işləri üzrə prorektor işləmiş ,1973-cü ilin aprel ayında rektor vəzifəsini icra etmiş, həmin ilin iyul ayında rektor təyin olunmuşdur. O, entomologiya üzrə biologiya elmləri doktoru, Əməkdar elm xadimi və professor olmuşdur. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Rektor işlədiyi müddətdə instituta tələbə qəbulu xeyli artırılmış, yeni tədris kompleksinin inşası üçün Azərbaycan KP MK, SSRİ Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı qəbul olunmuş və qərara əsasən 1991-ci ilədək bir sıra tikinti işləri aparılmış, İnstitut 1979-cu ildə “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.

RektorlarımızRaul Abdulla oğlu Qədimov
(1939-2000)

İrəvan şəhərində anadan olmuşdur. 1990-1995-ci illərdə institutun rektoru işləmişdir. AKTİ-nin məzunudur, bu ali məktəbin rəhbəri olmuşdur. AKTİ-ni bitirdikdən sonar Elmi –Tədqiqat Heyvandarlıq İnstitutunda kiçik elmi işçi, sonralar əyani aspirant kimi fəaliyyət göstərmişdir. Baytarlıq elmləri doktoru, professor olmuş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Baytarlıq elminə yeniliklər gətirmişdir. R.Qədimov uzun illər bu İnstitutda epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasının müdiri, elmi katib olmuş, baytarlıq fakültəsinin dekanı, İnstitutun elmi işlər üzrə prorektoru vəzifələrində çalışmışdır. 250-dək elmi əsərin, o cümlədən dərslik, dərs vəsaiti və monoqrafiyaların müəllifidir. Onun İnstituta rəhbərliyi dövründə - 1991-ci ildə İnstitut Azərbaycan Kənd Təsərrüfatı Akademiyası adlandırılmışdır.

1980-ci ildə “Şərəf nişanı” ordeni, 1983-cü ildə “SSRİ-nin ixtiraçısı” döş nişanı, 1990-cı ildə akademik K.İ.Skryabinin anadan olmasının 100 illiyi münasibəti ilə yubiley xatirə medalı ilə təltif edilmişdir.

RektorlarımızZaur Nəcəf oğlu Eminbəyli
(1928-2001)
1928-ci il 12 yanvar tarixində Gəncə şəhərində anadan olmuşdur. 1989-1990-cı illərdə İnstitutun rektoru işləmişdir. 1945-ci ildə AKTİ-nin Kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsinə qəbul olmuş, 1946-cı ildə Moskva Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi fakültəsinə köçürülmüş və 1950-ci ildə təhsilini başa vurmuşdur. Həmin ildə AKTİ-nin Maşın-traktor parkının istismarı kafedrasında əmək fəaliyyətinə başlamışdır. 1958-ci ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1982-ci ildə professor elmi adına layiq görülmüşdür. Kirovabad (indiki Gəncə) Kənd təsərrüfatı texnikumunda müəllim, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin göndərişi ilə Ümumittifaq Mexanikləşdirmə İnstitutunda baş elmi işçi, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunda (AzETKTMİ) laboratoriya rəhbəri vəzifələrində çalışmış, o cümlədən AzETKTMİ-nin 1970-1989 və 1990-1996-cı illərdə İnstitutun direktoru olmuşdur. Çoxsaylı ixtiraların müəllifi olmaqla Azərbaycan SSR Ali Sovetinin 1974-cü il qərarı ilə “Əməkdar səmərələşdirici” adına layiq görülmüş, SSRİ Ali Sovetinin 1978-ci qərarı ilə “Şərəf Nişanı” ordeni ilə, 1986 və 1987-ci illərdə keçirilmiş Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində qızıl medalla təltif olunmuşdur.


RektorlarımızMəmmədtağı İbrahim oğlu Cəfərov
(1936-2007)

Qərbi Azərbaycanın Amasiya rayonunun Oxçuoğlu kəndində anadan olmuşdur. 1983-1989-cu və 1995-2007-ci illərdə bu təhsil ocağının rektoru vəzifəsində çalışmışdır. AKTİ-nin məzunudur. Torpaqşünas alim, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan MEA-nın akademiki, Azərbaycan Ziyalılar Cəmiyyətinin Prezidenti olmuşdur. 150-dək elmi əsərin, o cümlədən dərslik, dərs vəsaiti və monoqrafiyaların müəllifidir. Tələbəlik dövründə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmiş, uzun illər torpaqşünaslıq kafedrasının müdiri olmuş, əməkdaşların Həmkarlar İttifaqı Komitəsinin sədri işləmişdir. Rektor işlədiyi dövrlərdə tələbə qəbulu artırılmış, İnstitutun yeni tədris kompleksinin tikintisi davam etdirilmiş, 1984-1989-cu illərdə tədris korpuslarında xeyli abadlıq işləri aparılmışdır. M.Cəfərov Yeni Azərbaycan Partiyasının təsisçilərindən biri kimi Gəncə şəhər təşkilatının yaradıcısı və ilk sədri olmuşdur. 1980-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, 1981-ci ildə “Şərəf nişanı” ordeni, 2001-ci ilin aprel ayında AKTA, həmçinin M. Cəfərov Fransanın Sənayeyə Yardım Assosiasiyasının “Qızıl medal”ı ilə təltif olunmuşdur.



RektorlarımızMirdaməd Mirsadıq oğlu Sadıqov
(1950-2020)

İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur İqtisad elmləri doktoru, Əməkdar elm xadimi, professor, bu elm və təhsil məbədinin rəhbəri olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun məzunudur. 2008-ci ilin noyabrından 2013-cü il fevralın 14-dək ADAU-da rektor işləmişdir. Bu dövrdə universitetdə əsaslı tikinti quraşdırma və abadlıq işləri həyata keçirilmiş, universitetin beynəlxalq əlaqələri genişlənmiş, universitet Təhsil Nazirliyinin akkreditasiyasından keçmişdir. 2011-ci ildə Avropa Rektorlar Şurasının Assambleyasının qərarı ilə ADAU islahatçı universitet kimi tanınmış və “Elm və təhsildə nailiyyətlərə görə Qızıl Medal” ilə təltif edilmişdir.

2013-cü ildən 2019-cu ilədək İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, ömrünün sonunadək Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru vəzifəsində çalışmışdır.

“Şöhrət” ordeni ilə təltif olunmuşdur.



Rektorlarımızİbrahim Həsən oğlu Cəfərov
(1956)

İbrahim Cəfərov 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Düdəngə kəndində anadan olub.

1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980–1985-ci illərdə həmin institutda tələbə olub, Bitki mühafizəsi fakültəsini bitirib. 1985–1988-ci illərdə K. A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası "Fitopatologiya" kafedrasının əyani aspirantı olub.

13 fevral 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi verilib.

1993-cü ildən 2002-ci ilədək Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinin, sonra isə Aqronomluq və torpaqşünaslıq fakültəsinin dekanı işləyib. 2005-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2006-cı il tarixli qərarı ilə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi verilib.

İbrahim Cəfərov 25 iyul 2013 tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin olunmuşdur. İbrahim Cəfərov bu təyinatadək ADAU-nun rektor əvəzi, tədris işləri üzrə prorektoru idi.

İbrahim Cəfərov 6 sentyabr 2022-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib.

6 oktyabr 2022-ci ildə ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.

Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

3 dərslik, 1 dərs vəsaiti, 100-dən artıq elmi məqalə, 4 metodiki tövsiyə, fənn proqramları və metodik göstərişlərin müəllifidir. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 148-dir.

Bu əsərlərdən 43-ü xaricdə, 13-ü beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap edilmişdir. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 2-dir.