AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNİN KEYFİYYƏT SİYASƏTİ

Azərbaycan Dövlət Aqrar Universitetinin keyfiyyət təminatı qurumlarının əsas hədəfi universitet tərəfindən qəbul edilmiş strateji planın hədəflərinə nail olmağa dəstək verməkdir. Universitetin maddi – texniki bazasının kifayət qədər yüksək səviyyədə olduğunu nəzərə alaraq, fəaliyyətin əsas istiqaməti müasir dövrün tələblərinə cavab verən kadrların hazırlığının, o cümlədən tədrisin keyfiyyətinin artırılması və universitetin elmi tədqiqat potensialının daha da inkişaf etdirilməsi təşkil edir.

Hədəflər:

- Azərbaycan Dövlət Aqrar Universitetinin beynəlxalq reytinq siyahılarında mövqeyinin yaxşılaşdırılmaq;
- Müasir dövrün tələblərinə cavab verəcək mütəxəssislərin hazırlanmaq;
- Müasir dövrün standartlarına cavab verən yüksək potensiallı kadrların universitetə cəlb edilmək;
- Tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olmaq;
- Elmi-tədqiqat işlərinin inkişaf etdirilməsinə dəstək;
- Tələbəyönlü tədrisə doğru yönəlmək;
- Universitet daxilindəki mütəxəssislərin müasir dövrün standartlarına cavab verəcək şəkildə inkişaf etdirilməsinə dəstək;
- Universitetdə fənn proqramlarının və sillabusların müasir standartlara cavab verəcək şəkildə formalaşdırılması dəstək;
- Müəllimlərin peşə keyfiyyətinin yüksəldilməsinə dəstək;
- Universitetdə müəllimlər və tələbələr üçün elektron tətbiqin yaradılması və təkmilləşdirilməsinə dəstək;
- Universitetlər arasında beynəlxalq təcrübəni əsas tutaraq beynəlxalq mübadilənin inkişafında dəstək;
- Tədris-təcrübə işlərinin keyfiyyətinin artırılmasına dəstək.

Universitet daxilində keyfiyyətin təmin olunmasında rəhbərlik Keyfiyyətin Təminatı və Strateji İnkişaf şöbəsi başda olmaqla universitetin bütün struktur bölmələri, habelə müəllim-tələbə və tədris-yardımçı heyətinin, o cümlədən işəgötürənlər, əmək bazarının nümayəndələrinin və digər maraqlı tərəflərin iştirakı ilə həyata keçirilir. Hər bir struktur vahidi, professor-müəllim və tələbə heyəti, habelə tədris-yardımçı heyəti normativ sənədlərlə müəyyənləşdirilən və təlimlərlə izah olunan öhdəlik və məsuliyyətləri çərçivəsində universitet daxilindəki keyfiyyət təminatı işlərində öz funksiyalarını yerinə yetirir. Universitet rəhbərliyi universitet daxilində keyfiyyətin təmin olunması üçün istər mənəvi, istərsə də maddi dəstəyi Keyfiyyətin Təminatı və Strateji İnkişaf şöbəsi başda olmaqla, bütün struktur bölmələrindən əsirgəmir. Milli və beynəlxalq səviyyədə dəyişiklikləri nəzərə alaraq Keyfiyyət Təminatı siyasəti tendensiyalara uyğun mütəmadi olaraq yenilənir.

Universitet “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar” (ESG) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əsas tutduğu “Beynəlxalq standartlaşdırma təşkilatı” (ISO) standartlarına əsasən keyfiyyət təminatı sistemi yaradır.

Azərbaycan Dövlət Aqrar Universitetinin Keyfiyyət Təminatı Siyasətinə əsasən təhsil proqramlarının hazırlanması və yenilənməsi dünya standartlarına əsasən aparılır, müasir çağırışları və davamlı inkişafı nəzərə alaraq tələbələrə biliklərin daha müasir və səmərəli metodlar vasitəsi ilə öyrədilməsi tələbə yönlü təhsilin bir hissəsi kimi özünü büruzə verir. Ümumiyyətlə, bu prosesə cəlb olunmuş struktur vahidi, professor-müəllim və tələbə heyətinin yoxlanılması və təhlili, Keyfiyyətin Təminatı və Strateji İnkişaf şöbəsi və müstəqil fəaliyyət göstərən Keyfiyyət Təminatı Şurasının üzvləri tərəfindən davamlı olaraq sistemli şəkildə monitorinq olunur. Tələbəyönlü tədris sisteminə yönəlmənin əsas məqsədlərindən biri tələbələrin tədris və idarəetmə prosesində aktiv iştirakını dəstəkləmək, onlarda özünütəhlil və analitik düşüncə qabiliyyətini inkişaf etdirmək və müasir bazar tələblərinə uyğun olan mütəxəssislərin yetişdirilməsini təmin etməkdir. Tələbəyönlü təhsilin tələblərindən biri olaraq semestr ərzində qrupun fəal tələbələri ilə tələbə-məmnuniyyət sorğuları keçirilir və məzun olduqdan sonra isə mütəmadi olaraq onlarla sorğular aparılır. Sorğular məzunlarımızın öz ixtisasları və ya digər ixtisaslar üzrə karyera qurmalarını, onların zəif və güclü tərəflərinin universitet tərəfindən aşkarlanması və gələcəkdə problemlərin həll edilməsinə dəstək olmağımızı təmin edir. Tələbələrin qiymətləndirilməsinin vacib bir məsələ olduğunu bilərək, bu prosesin metodunun müasirləşdirilməsi, şəffaflaşdırılması və obyektivliyinin təmini üçün hər bir müəllimin sillabusunda qiymətləndirmə əks olunduğu kimi aparılır və bu sillabuslar tələbələrə dərs başlamamışdan əvvəl təqdim edilir. Əlavə olaraq, tələbələrə sillabus tərtib edilərkən bu prosesdə iştirak hüququ verilir, çünki universitet bir şirkət və tələbə isə bizim müştərimiz kimidir, əgər tələbə sillabusda özünü gələcəkdə daha da inkişaf etdirəcək bir mövzu görmək istəyirsə, o zaman həmin sillabusda dəyişiklik aparılır. Universitetimizin tələbəyönlü təhsilin tələblərinə uyğun olaraq tətbiq etdiyi siyasətdən biri də, tələbələrin imtahanda mühazirə materiallarından kənar düşən sualları və ya səhv tərtib olunmuş sualları apelyasiya komissiyasına vermək hüquqdur.

Siyasət Universitetin Elmi Şurasının “17” sentyabr 2021-ci il tarixli iclasında (EŞ-01/5.4 saylı protokol) təsdiq edilmişdir.