ADAU ODU



Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Amerika Birləşmiş Ştatlarının Oklahoma Dövlət Universiteti (ODU) ilə əməkdaşlıq çərçivəsində ilk dəfə, 2022/2023-cü tədris ilində “Beynəlxalq kənd təsərrüfatı” ixtisaslaşması üzrə ikili diplom magistr proqramına tələbə qəbuluna start verir

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Amerika Birləşmiş Ştatlarının Oklahoma Dövlət Universiteti (ODU) arasında imzanmış anlaşma memorandumuna, strateji tərəfdaşlıq sazişinə və ikili diplom proqramına dair razılaşma sənədinə müvafiq olaraq ilk dəfə, 2022/2023-cü tədris ilində “Beynəlxalq kənd təsərrüfatı” ixtisaslaşması üzrə üzrə ikili diplom magistr proqramına tələbə qəbulu elan edir.

Təhsilin birinci ili Azərbaycan Dövlət Aqrar Universitetində və ikinci ili Oklahoma Dövlət Universitetində həyata keçirilən təhsil proqramdında iştirak üçün nəzərdə tutulan 10 tələbənin birgə seçimi “Biznesin təşkili və idarə edilməsi (MBA)-beynəlxalq kənd təsərrüfatı” ixtisaslaşmasının birinci kursuna qəbul olan və aşağıdakı tələblərə cavab verən tələbələr arasında aparılacaqdır.


• Bakalavriat səviyyəsində təhsil müddətində ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 75 və yuxarı;
• İngilis dili səviyyəsi aşağıdakı göstəricilərdən ən azı birinə cavab verən:

o TOEFL-kompyuter əsaslı test-79 və yuxarı
o TOEFL-kağız əsaslı-550 və yuxarı
o IELTS- ən azı 6.5 və yuxarı olan.


• Müsabiqədə iştirak üçün tələbələr məqsədini ifadə edən yazı və iki tövsiyə məktubunu təqdim etməldirlər.
• Müsabiqədə bakalavriat səviyyəsinin bütün, xüsusilə kənd təsərrüfatı ixtisasları üzrə məzunları iştirak edə bilərlər.
• Təhsilini uğurla başa vuran məzunlara hər iki ali təhsil müəssisəsinin diplomları veriləcəkdir.

ADAU ODU

2021-ci ildə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb.İmzalanma mərasimindən əvvəl Gəncədə səfərdə olan Oklahoma ştatının qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi nümayəndə heyəti ADAU-nun Tələbə Evi, yeni tədris korpusu, laboratoriyaları ilə tanış olublar.

Universitetin Tələbə Parkında Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumunun imzalanmasına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən ADAU rektoru, professor İbrahim Cəfərov qonaqları salamlayaraq bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi uzun müddətdir ki, Oklahoma Dövlət Universiteti ilə sıx əməkdaşlıq edir. İki universitet arasında 2019-cu ildə anlaşma memorandumu, 2020-ci ildə isə strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Bu gün imzalanan memorandum ali təhsil müəssisələrinin magistrlərinə birinci il ADAU-da, ikinci ili isə Oklahoma Dövlət Universitetində təhsil almaqla hər iki universitetin diplomunu almaq imkanı qazandıracaq. Bu əməkdaşlığın baş tutmasında USAID Azərbaycan Missiyası və ABŞ-Azərbaycan Ticarət Palatasının müstəsna xidmətləri olmuşdır.

ADAU ODUADAU ODUADAU ODU

Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Respublikası ilə ABŞ-ın Oklahoma ştatı arasında 20 ildən artıq davam edən əməkdaşlıq ənənəsinin olduğunu xatırladıb: “Sevindirici haldır ki, 2019-cu ildən bu əməkdaşlıq kənd təsərrüfatı sahəsini də əhatə etməyə başlayıb. Bu gün biz Azərbaycanla Oklahoma ştatı arasında əməkdaşlığı gücləndirəcək vacib bir sənədin imzalanması mərasimində iştirak edirik. İmzalanacaq memorandum kənd təsərrüfatının ən vacib sahələrindən biri olan aqrar təhsil sahəsinin inkişafına müsbət təsir göstərəcək. Qonaqlarımız bu gün universitetimizlə tanış oldular, Azərbaycanda aqrar təhsil sahəsinin inkişafı üçün nə qədər böyük maddi-texniki və elmi potensialın olduğunu gördülər. Biz səbirsizliklə Azərbaycan Dövlət Aqrar Universiteti tələbələrinin Oklahomaya gedərək öz təhsillərini davam etdirməsini, eyni zamanda Oklahoma Dövlət Universiteti tələbələrinin Gəncəyə gələrək burada təhsil almasını gözləyirik”.

Oklahoma ştatının qubernatoru Con Kevin Stitt imzalanma mərasimində çıxış edərək Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlığın genişlənməsindən məmnunluğunu bildirib: “Azərbaycana səfərimdə mənimlə birgə böyük heyət gəlib. Bu, bizim Azərbaycanla əməkdaşlığa nə qədər böyük önəm verdiyimizi təsdiqləyir. Səfər çox məhsuldar oldu və bu səfər çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumunun imzalanması mərasimində iştirakdan məmnunluq duyuram. Hesab edirəm ki, bu cür əməkdaşlıqlar münasibətlərimizi daha da dərinləşdirəcək, həm Azərbaycan Respublikası, həm də Oklahoma ştatı üçün böyük töhfələr verəcək”.
Sosial şəbəkələrdə paylaş: