“ADAU-nun Elmi Əsərləri” jurnalının 2023-cü il üçün III sayı dərc olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “ADAU-nun Elmi Əsərləri” jurnalının 2023-cü il üçün nəzərdə tutulan III sayı dərc olunub.

ADAU-nun Elmi Əsərləri jurnalı “ISSN 2310-4104” və “ISSN-L: 2790-5799” Beynəlxalq Standart Seriya Nömrələri ilə nəşr olunur. Jurnalın məqsədi müasir elmin və aqrar siyasətin aktual mövzularına uyğun ümumkonseptual problemlərini nəzəri-praktiki cəhətdən ifadə edən orijinal məqalələrin nəşrinə üstünlük verməklə, aqrar sahədə yeni elmi biliklərin, o cümlədən innovasiyaların işıqlandırılması, elmi-tədqiqat nailiyyətlərinin elm ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Günümüzdə elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması prosesinin sürətləndirilməsinin zəruri hal almasını nəzərə alınaraq “ADAU-nun Elmi Əsərləri” jurnalı müasir standartlara cavab verən elektron saytla təchiz olunub və ümumilikdə jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 36 bənddən ibarət olan “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblər”inə uyğun dizayn olunub.

Qeyd edək ki, “ADAU-nun Elmi Əsərləri” jurnalı AAK-ın tövsiyə olunan elmi nəşrlər siyahısında üç fərqli elm sahəsində yer alır. Bunlar İqtisad elmləri, Biologiya və Aqrar elmlərdir.

Jurnalda nəşr olunan bütün məqalələr doi identifikasiya nömrəsi ilə təmin olunur və “crossref” bazasına daxil edilir.

http://journal.adau.edu.az/
http://journal.adau.edu.az/journals/2023-3.pdf


“ADAU-nun Elmi Əsərləri” jurnalının 2023-cü il üçün III sayı dərc olunub