Yeni Zelandiyalı mütəxəssis ADAU-da çalışacaq

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində Yeni Zelandiyalı mütəxəssis, doktor Brain Milestone 3 ay müddətində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) çalışacaq.

Təhsil müəssisəsinin mətbuat xidmətinin xəbərinə görə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşən Brain Mileston ADAU-da çalışmağa başlamasından məmnunluq hissi keçirdiyini bildirib. Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tələbələrinin praktiki bilik və bacarıqlarının artırılması sahəsində fəaliyyət göstərəcək mütəxəssis universitetdə yaradılan  şəraiti çox yüksək qiymətləndirib. Rektor İbrahim Cəfərov bütövlükdə aqrar təhsilə dövlət dəstəyi, universitetin maddi-texniki bazasının tamamilə yenidən qurulması işlərinin yüksək səmərə verdiyini və mütəxəssisin universitetdə fəaliyyətindən tələbələrin daha çox faydalanacağına əmin olduğunu bildirib.