Aqrar universitetdə yaz imtahan sessiyasi uğurla davam edir

      Bakalavriat və magistratura səviyyələrində 2015/2016-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsinə Universitet rektorunun əmrilə  martın 31-dən başlanıləb. Əmrdə bakalavriat səviyyəsinin buraxılış kurslarında, “Torpaqşünaslıq və aqrokimya”, “Aqronomluq” ,”Yerquruluşu, torpaq və şəhər kadastrı” və “Aqromühəndislik” ixtisaslarının üçüncü kursunda aprelin 27-dən mayın 31-dək,  digər ixtisasların 1, 2 və 3-cü kurslarında, “baytarlıq” ixtisasının 4-cü kursunda,  magistratura səviyyəsinin 1-ci kursunda iyunun 1-dən 5-dək, “əczaçılıq “ ixtisasının 3-cü kursunda iyunun 1-dən 21-dək müddətlərdə keçirilməsi təsbit olunub.

       İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədilə univeristetdə tədris işləri üzrə prorektorun sədrliyi ilə sessiyanın gedişində daxil olan müraciətlərin operativ şəkildə araşdırılmasını təmin etmək məqsədilə “Qərargah” yaradılıb.

          Rektorun imzaladığı əmrdə “Elektron universitet” layihəsinin icrasını, tələbələrin arzularını və əvvəlki sessiyaların müsbət nəticələrini nəzərə alaraq bakalavriat və magistratura səviyyələrində imtahanların test üsulu ilə kompyuterlərlə, xüsusi qabiliyyət tələb edən fənlər üzrə yazılı formada keçirilməsi qeyd edilib, imtahanların cavablarını kod­laşdırmaq üçün qrup, imtahanlarda verilən qiymətlərə etiraz edən tələbələrin müraciətlərinə baxılması üçün bakalavriat və magistratura səviyyələrində apellyasiya komissiyaları təşkil edilib. Şəffaflığın, obyektivliyin, növbətçiliyin və digər məsələlərin təmin edilməsi üçün müvafiq struktur bölmələrə tapşırıqlar verilib, kütləvi informasiya vasitələri nümayəndələrinə və valideynlərə imtahanlarda iştirak etmək üçün şərait yaradılıb, imtahan fənləri üzrə mütəxəssis olmayan şəxslərdən ibarət  xüsusi nəzarətçilər qrupu və imtahan rəhbəri təsdiq edilib. İmtahan korpusunda tibb məntəqəsi yaradılıb və iki tibb işçisi təhkim olunub.

          Sessiyanın başlanması ərəfəsində fakültə dekanları, kafedra müdirləri, akademik məsləhətçilər (tyutorlar), aidiyyatı struktur bölmələrin rəhbərlərinin iştirakı ilə rektorluğun geniş iclası keçirilib, sessiyanın mütəşəkkil təşkili və keçirilməsi ilə bağlı konkret tapşırıqlar müəyyənləşdirilib.

          İmtahan qrafikləri, imtahan və kurs işlərinin (layihələrinin) cədvəlləri vaxtında tərtib olunub, təsdiq edilib və tələbələrin nəzərinə çatdırılıb.

       Yazılı imtahanların biletlərinin sualları sessiyadan xeyli əvvəl hazırlanıb, kafedra iclaslarında baxılıb, tələbələrə çatdırılıb, test sualları elektron imtahan bazasına yerləşdirilib, tələbələrin  semestrdə topladıqları balların nəticələri sessiyanın başlanğıcınadək elektron sistemə yüklənib.

      Buraxılış kurslarında və 3-cü kursun 4 ixtisasında sessiya imtahanları artıq başa çatıb. İmtahanlar mühəndislik fakültəsinin tədris korpusunda bakalavriat səviyyəsində 2 auditoriyada quraşdırılan 150 kompyuter vasitəsilə test formasında, xüsusi qabiliyyət tələb edən fənlər üzrə yazılı formada qəbul edilib. İmtahanlara kənar müdaxilələrin qarşısı tam alınıb, hər gün 1000 nəfərdən çox tələbə növbəliklə kompyuterlə imtahan verir, sonda nəticəni də dərhal kompyuterdə  qəbul edir. Bütün bunların nəticəsidir ki, keçən ilə nisbətdə qeyri-kafi alanların sayı çox azalıb. Universitetdə yaradılan şərait, keçirilən stimullaşdırıcı tədbirlər hesabına əlaçıların sayı çoxalıb.

         Sessiya imtahanları uğurla davam edir, iyulun 5-də başa çatması nəzərdə tutulub.