Göyçay rayonunda fermerlər üçün seminar müşavirə keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) rektorluğu və professor-müəllim heyəti fermerlərlə müşavirələri, elmi praktik konfransları və seminarları təkcə təhsil müəssisəsində keçirmir, onlar vaxtaşırı rayonlarda  olur, bu cür tədbirləri yerlərdə də reallaşdırırlar. Zaqatala, Quba, Şəmkir, Tərtər və digər rayonlardan sonra professor-müəllim heyəti bu dəfə Göyçayda olub,  təsərrüfat sahiblərinə dəyərli məsləhətlər veriblər. Bu da  Prezident İlham Əliyevin ölkədə qeyri-neft sektorunun inkişafına dair verdiyi tapşırıqlara elmi işlə köməyin və təkanın nümunəsidir.

Demək yerinə düşər ki, digər regionlarda olduğu kimi Göyçay rayonunda da aqrar sahənin inkişafına diqqət artıb, məhsuldarlıq ilbəil yüksəlib.

ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərova ünvanlandığı 21 fevral 2018-ci il tarixli, 54 nömrəli məktubunda rayonun taxılçılıq, meyvəçilik və istixana şəraitində çalışan torpaq mülkiyyətçilərinin və fermerlərin ADAU alimlərinin məsləhətlərinə ehtiyacları olduğunu bildirib.  Məktuba cavab olaraq təhsil müəssisəsinin alimləri növbəti müşavirəni Göyçay rayonunda keçirib. Alimlər əvvəlcə rayonun təsərrüfatlarına baş çəkib, mövcud durumla tanış olublar.

Taxıl sahələrində, meyvə bağlarında, istixanalarda və çəkilliklərdə vəziyyətlə tanış olan alimlər torpaq mülkiyyətçilərinə hər sahəyə aid tövsiyə və təlimatlarını bildiriblər.  Sonra rayon mərkzində fermerlərin iştirakı ilə seminar müşavirə başlayıb.

Seminar müşavirədə meyvə bağlarında mövcud problemlər və onların həlli yolları, meyvə  və tərəvəz bitki­lə­­rinin xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə, taxıl sahə­lə­rin­də aqrotexniki tədbirlərin təqvimi, taxılın  xəstəlik və zərərvericiləri, onlara qarşı mü­­ba­rizə üsulları, istixana şəraitində tərəvəz bitkilərinin becərilmə texno­logiya­sı, mövzularında ADAU alimlərinin məruzələri, habelə  baramaçılıq mövzusunda Göyçay rayon kənd təsərrüfatı idarəsi rəisinin məruzəsi maraqla dinlənilib. Seminar iştirakçılarına universitetdə yaradılan aqrar məsləhət xidmədi barədə də ətraflı məlumat verilib, bu xidmətinin yaradılmasının əhəmiyyətindən danışılıb.

Seminar müşavirə diskusiya şəraitində keçib, alimlər fermerləri maraqlandıran sualları cavab­lan­dırıblar.