Aqrar universitetdə Müstəqillik günü qeyd edilib

Azərbaycan Dövlət Aqrar universitetin İctimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə fakültələrində “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı  tədbir keçirib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Tədbiri təhsil müəssisəsinin tədris işləri üzrə prorektoru Anar Hətəmov açıb,  “Müstəqillik Günü”nün tarixinə nəzər salıb. Bildirib ki, 18 oktyabr Azərbaycanın yeni tarixində əlamətdar günlərdən biridir.

Universitetin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov isə tarixi dəyərlərimizindən olan “Müstəqillik Günü”nün mahiyyətini təhlil edib, bir əsrdə 2 dəfə müstəqillik qazanan ölkənin ictimai, siyasi, iqtisadi həyatını faktlarla izah edib.

Tədbirdə müəllim və tələbələrdən  Samirə Qasımova, Solmaz Yaqubzadə, Səid Musazadə, Nərgiz Rəcəbova və Könül Şirinli çıxış edib,  müstəqil Azərbaycan xalqının milli azadlıq tarixindən və bu yolda əldə etdiyi nailiyyətlərdən söz açıblar.