Aqrar Universitetin alimləri fermerlərə yeni qarğidali sortlari təklif edirlər

Azərbaycanın yerli media orqanı "AZƏRTAC", Universitetimizlə bağlı yeni xəbər hazırlayıb. Bu xəbəri sizə təqdim edirik.

Bu gün respublikamızda qarğıdalı sahələrinin genişləndirilməsi davam edir. Fermerlər mənfəət əldə etmək üçün daha məhsuldar sortlara üstünlük verirlər. Lakin bir çox hallarda xarici ölkələrdən gətirilən sortlar ölkəmizin torpaq-iqlim şəraitinə uyğunlaşa bilmədiyindən nəinki gözlənilən nəticəni vermir, hətta fermerləri müxtəlif çətinliklərlə qarşı-qarşıya qoyur. Qarğıdalı sahələrindən yüksək məhsuldarlıq əldə etmək üçün Aqrar Universitetin alimləri uzun illərdir bu sahədə feneoloji müşahidə və geniş elmi-tədqiqat işləri aparırlar. Bu gün dövlət reyestrinə nəzər saldıqda məlum olur ki, ölkəmizdə son 15-20 ildə yaradılan və hazırda sahələrdə əkilən beş qarğıdalı sortundan üçünün müəllifi Aqrar Universitetidir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Aqrar Universitetinin taxıl və paxlalı bitkilər laboratoriyasının müdiri, Əməkdar Kənd Təsərrüfatı İşçisi Firudin Qurbanov məlumat verib.

Alim bildirib ki, laboratoriyanın əməkdaşları 25 ilə yaxın müddətdə bir sıra dənli bitkilər - arpa, buğda, çovdar, eləcə də qarğıdalı üzərində müxtəlif elmi tədqiqat işləri aparıblar. Həmin bitkilərin, demək olar ki, bütün yabanı və mədəni növlərini, sortlarını, həmçinin növ müxtəlifliklərini toplamağa müvəffəq olublar. Hazırda laboratoriyanın təcrübə sahəsində 400-ə yaxın nümunə toplanıb.

F.Qurbanov qeyd edib ki, əməkdaşlar və universitetin aqronomluq ixtisasında təhsil alan tələbələr həmin bitkilər üzərində fenoloji müşahidələr aparır, onların seleksiya baxımından dəyərliliyini, toxumçuluğu və genetikasını öyrənirlər. Son 20 ildə laboratoriyanın təcrübə sahəsində qarğıdalı bitkisi üzərində çarpazlaşma və seçmə işi aparılaraq həm yüksək nəticələr əldə olunub, həm də genefond daha da zənginləşdirilib. Universitetdə 1995-ci ildən aparılan elmi-tədqiqat işləri nəticəsində 2011-ci ildə ilk dəfə rayonlaşdırılmış “ADAU-80” yeni qarğıdalı sortu alınıb. Hazırda həmin sort respublikanın bir çox rayonlarında və fermer təsərrüfatlarında geniş şəkildə becərilir. “ADAU-80” istər məhsuldarlığına, istərsə də yaşıl kütlə kimi istifadəsinə görə nəinki yerli, həm də xaricdən gətirilən sortlardan çox üstündür. Əvvəla ona görə ki, “ADAU-80” yerli şəraitdə respublikamız üçün xarakterik sortların çarpazlaşdırılmasından alınıb. Digər tərəfdən, bu gün xaricdən gətirilən sortlar müəyyən-torpaq iqlim şəraiti üçün nəzərdə tutulduğundan, respublikamızda əksər hallarda özünü doğrultmur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı tapşırıq və tövsiyələrində yerli sortlara və məhsullara üstünlük verilməsini qeyd edib.

Aparılan müşahidələr göstərir ki, ölkəmizdəki yerli sortlar, xüsusən “ADAU-80” keyfiyyət göstəriciləri baxımından bütün digər qarğıdalı sortlarını üstələyir. Məhsuldakı qlükoza çıxımı yüksək olduğuna görə, Zaqafqaziyada yeganə qarğıdalı (qlükoza) zavodu əsasən bu sortdan istifadə edir.

Aqrar Universitetdə aparılan geniş elmi-tədqiqat işləri nəticəsində əldə olunan başqa bir sort - “Gəncə” 2014-cü ildən rayonlaşdırılaraq dövlət reyestrinə daxil edilib. Fermerlər tərəfindən bu sorta da böyük maraq var. Hər iki sort becərilərkən aqrotexniki tədbirlər düzgün yerinə yetirildiyi və normal qulluq göstərildiyi halda hər hektardan 120-130 sentner qıjı halında məhsul, 400-500 sentner isə yaşıl kütlə almaq mümkündür.

F.Qurbanov onu da qeyd edib ki, hazırda dişvari qarğıdalı qrupuna aid olan yeni “Məhsuldar” qarğıdalı sortu üçün dövlət standart komissiyası vasitəsilə zona təcrübə stansiyalarında aparılan üç illik nəticələr yüksək olub. “Məhsuldar” adlı yeni qarğıdalı sortu dövlət standartından müvəffəqiyyətlə keçib. Artıq böyük əminlik var ki, dişvari qarğıdalı qrupuna aid olan “ADAU-80” və bərk qarğıdalı qrupuna aid “Gəncə” kimi, “Məhsuldar” qarğıdalı sortu da sınaqlardan müvəffəqiyyətlə keçərək patentləşdiriləcək.

Alim sonda fermerlərə xarici ölkələrdən gətirilən, əksər hallarda mənşəyi bilinməyən və gələcəkdə onları müxtəlif problemlərlə qarşı-qarşıya qoya biləcək sortlara deyil, daha çox onların bütün tələbatını ödəyən yerli sortların toxumlarına üstünlük vermələrini tövsiyə edib.

 

http://azertag.az/xeber/Aqrar_Universitetin_alimleri_fermerlere_yeni_qargidali_sortlari_teklif_edirler-944176#.VxYGPBm113M.facebook