ADAU-nun startapları Ümumrespublika müsabiqəsində mükafat qazandı

Məlum olduğu kimi Qlobal iqlim dəyişikliyi, müxtəlif ölkələrdən toxum idxal edilməsi və eləcə də yeni növ xəstəlik və zərəvericilərin meydana gəlməsi, həmçinin peşəkar aqronomun xidmətin istifadə edə bilməyən kiçik fermer təsərrüfatlarının çoxluğu nəticəsində bitkilərdə müşahidə edilən xəstəlik və zərərvericilər aqrar sahənin inkişafına böyük mane törədir. Fermerlər çox vaxt asanlıqla müalicə oluna bilən bir xəstəlik və ya zərərvericini vaxtında müəyyən edə bilmədiyinə görə xeyli miqdarda məhsulu itkiyə gedir və nəticədə onun gəlirləri azalır. Halbuki müasir texnologiyanın köməyi ilə bu cür problemlər tez bir vaxtda aşkarlana və həll edilə bilər. Bu məqsədlə, Azərbaycan Dövlət Aqrar Universitetinin Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının laborantı Günel Əsədova Menecment və aqrar marketinq kafedrasının assistenti Fərrux Rəhimovla birlikdə bitkilərdə müşahidə edilən xəstəlik və zərərvericilərin ilkin diaqnozunun qoyulması üçün startap layihəsi hazırlanmışdır. Təklif olunan “Green Doctor” adlı layihədə greendoctor.az adlı internet saytı və mobil tətbiqdən ibarət platformanın yaradılması nəzərdə tutulmuşdur. Bu platforma süni zəka əsasında fəaliyyət göstərəcək.

Layihənin işləmə prinsipi innovativ və maraqlıdır.

Süni zəka vasitəsi ilə bitki xəstəliklərinin və zərərvericilərin müəyyən olunması – bunun üçün müvafiq tətbiqi telefonuna yükləmiş şəxs qeydiyyatdan keçdikdən sonra bitkilərdə müşahidə etdiyi dəyişikliyin şəklini çəkəcək və süni zəka şəkli bazada olan digər şəkillərlə müqayisə edərək problemi (xəstəlik və ya zərərverici) müəyyən edəcək, bu problemin həlli üçün lazımi tövsiyələri təqdim edəcək. Həmçinin telefonda olan GPS sistemi vasitəsi ilə problemin müşahidə edildiyi yeri xəritədə işarələyəcək (fermer istədiyi təqdirdə bunu söndürə bilər) bu sayədə fermer və müvafiq qurumlar xəstəliklərin yayıldığı arealı görə və lazımi addımları ata biləcək. Startap həmçinin Kənd təsərrüfatı Nazirliyi tərəfindən icra edilən “Elektron kənd təsərrüfatı” layihəsində də inteqrasiya oluna bilər. Qeyd edək ki, bazarda buna bənzər xidmətləri təklif edən şirkət olsa da o şirkətdə göndərilən rəsmlərə aqronomlar baxır və hər bir şəkil üçün (5-10 AZN) ödəniş tələb edilir. “Green doctor” isə süni zəka sistemi ilə çalışacağı üçün mütəmadi olaraq yeni məlumatlar öyrənəcək və sürətli şəkildə istifadəçilərə ötürəcək. İkinci əsas üstünlük isə layihə komandasının Azərbaycanda yeganə ali aqrar təhsil mərkəzi olan ADAU-nun kollektivi olmasıdır ki, bu sayədə “Green doctor” elmi biliklərlə daha yaxşı təchiz ediləcək. Ehtiyac olduğu təqdirdə şəkillərə universitetin professor-müəllim heyətinin nümayəndələri də baxaraq təyin olunmuş müalicənin düzgünlüyünü yoxlaya biləcək.

Layihənin ekoloji və iqtisadi səmərəsi yüksəkdir.

İstər dünyada. istərsə də Ölkəmizdə hər il külli miqdarda bitkiçilik məhsulları xəstəlik və ziyanvericilərə qarşı düzgün mübarizə aparılmadığına görə məhv olur, layihə çərçivəsində yaradılacaq mobil tətbiq və internet saytı bu problemin həllində əsaslı dönüş yaratmaqla fermerlərin ən yaxın dostuna çevriləcək və nəticədə onların gəlirləri artacaq. Green Doctor tətbiqini istifadə edən insanlar həm kənd təsərrüfatı bitkilərinin, həm də yabanı kol və ağacların qayğısına qala biləcəklər. Ölkəmizdə son illərdə aqrar sahənin inkişafına dövlət qayğısını və qida təhlükəsizliyi məsələsinin strateji əhəmiyyətini nəzərə alaraq. kənd təsərrüfatının xüsusi ilə əkinçiliyin “Green Doctor” startapının mühüm rolu olduğunu söyləyə bilərik.

Qeyd edək ki, bənzər layihə dünyanın bir çox ölkələrində tətbiq edilən sınaqdan uğurla keçmiş üsuldur. “Green Doctor” startapının bənzər layihələrdən əsas fərqi isə süni zəkaya əsaslanmağıdır ki, bu sayədə eyni iş daha sürətli və ucuz başa gəlir.

Startap artıq ilk uğurlarını qazanıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə təşkil etdiyi İkinci Respublika İnnovasiya Müsabiqəsində Azərbaycan Dövlət Aqrar Universitetindən iki layihə "Green Doctor" və Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin magistr tələbəsi Nurəddin Rəhimlinin müəllifi olduğu "Mobil Baytarlıq Klinikası" layihələri finala vəsiqə qazandı və hər iki layihə münsiflər heyətinin tövsiyəsi ilə üçüncü yerə layiq görüldü. 10.12.2018-ci il tarixində qalib komandalara diplom və hədiyyələr təqdim edildi.

http://www.moderator.az/news/251038.html