Arı xəstəliklərinin nəzarətdə saxlanılması üzrə intensiv təlim kursu

     Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycanda həyata keçirdiyi “Seçilmiş məcburi köçkün icmalarında məşğulluq imkanlarının yaxşılaşdırılması” layihəsi çərçivəsində 25 may - 3 iyun 2016-cı il tarixlərində Azərbaycan Dövlət Aqrar Universitetinin dəstəyi ilə Gəncə şəhərində bal arısı xəstəliklərinin nəzarətdə saxlanılması üzrə intensiv təlim kursları həyata keçirir.

    Təlim kurslarına təqdimatçı kimi Türkiyənin Muğla Sıtkı Koçman Universitetinin Milas Veterinar fakültəsinin dekanı, İstanbul Universiteti Veterinar Fakültəsinin Professoru, Dr. Hayrettin Akkaya dəvət edilmişdir.

    Təlim kursunun sonunda 1 günlük yekun konfransın keçirilməsi planlaşdırılır. Konfrans ADAU və AR KTN yanında Baytarlıq Nəzarəti Xidmətinin dəstəyilə keçirilmiş 8 günlük intensiv təlim kursunun davamı olaraq Azərbaycanda arı xəstəliklərinin nəzarətdə saxlanılması istiqamətində mütəxəssislərin bilik və bacarıqlarını artırmaq və arı xəstəliklərinin yayılmasının qarşısını almağa töhfə vermək məqsədi daşıyır. Bu məqsədlə, kurs arı xəstəlikləri barədə ən son məlumatlar, onların nəzarətdə saxlanılması üçün tədbiq olunan ən yeni üsullar, profilaktik addımlar, bu istiqamətdə aparılmış araşdırmaların nəticələrinin müzakirəsi və Türkiyədə arı xəstəliklərinin nəzarətdə saxlanılması ilə əlaqədar təcrübələrin bölüşdürülməsi kimi mövzuları əhatə edəcəkdir. Məqsəd  həmçinin arıçıları, baytar-həkimləri və yuxarı kurs tələbələrini toplayaraq onlar arasında məlumat mübadiləsini gücləndirmək və arı xəstəliklərinin nəzarətdə saxlanılmasını təkmilləşdirməkdən ibarətdir. Iştirakçı kimi gənc baytar-həkimlər, baytarlıq laboratoriyalarının işçiləri, təcrübəli arıçılar və Azərbaycan Dövlət Aqrar Universitetinin arıçılıq sahəsi üzrə mütəxəssisləri və yuxarı kurs tələbələri nəzərdə tutulub. Prof. Dr. Hayrettin Akkayanın çıxışı daha geniş auditoriya üçün nəzərdə tutulmuşdur və konfransdan əvvəl keçirilmiş təlim kursunda əhatə olunacaq mövzuların ümumiləşdirilmiş təqdimatından ibarət olacaqdır.