ADAU-da “Almanların sağlığına-Konkordiya” filminin təqdimatı olub

Azərbaycan Dövlət Aqrar Universitetində Alman-Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə almanların Azərbaycanda məskunlaşmasının 200 illiyi münasibəti ilə çəkilən filmin təqdimatı olub. Film üzümçülük və şərabçılıq sahəsini əhatə etdiyi üçün bu təhsil müəssisəsində  nümayiş etdirilib.

Təqdimatı açıq elan edən Azərbaycan Dövlət Aqrar Universitetinin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasimova qonaqları salamlayıb, əlaqələrin bu günündən danışıb. Çıxış üçün  Alman-Azərbaycan Cəmiyyətinin sədri professor Çingiz Abdullayevə söz verib.  

Çingiz Abdullayev qonaqpərvərliyə görə Azərbaycan Dövlət Aqrar Universitetinə təşəkkür edib, filmin professor-müəllim heyəti ilə yanaşı tələbələrin də marağına səbəb olacağını vurğulayıb.

Bildirək ki, film XIX əsrdən almanların Helenendorfda-Göygöldə məskunlaşdıqları zamanı, kənd təsərrüfatı sahəsində əsasən üzümçülüklə məşğul olmalarının nəticəsi olaraq Forer və Hummel qardaşlarının sayəsində şərabçılıq sənayesinin inkişafını əhatə edir və qısa zaman kəsiyində beynəlxalq səviyyədə mükafatların alınması ilə nəticələnib.

XIX-XIX əsrlərdə “Konkordiya” markası ilə tanınan Azərbaycan şərabları Uzaq Vladivostokdan Qərbi Avropaya kimi ticarət dövriyyəsinə daxil olub.

Təqdimatda ARB “Aranfilm” yaradıcı heyət adından Rafiq Əliyev maraqlı mövzuda çəkilən sənədli film haqqında öz təssüratlarını bildirib.