Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi

Heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası kafedrası

  Kafedra müdiri: Prof.Qənbər ABDULLAYEV

Ünvan: Gəncə şəhəri, Ozan küçəsi, 205

Tel. (+994 22) 256 97 19

E-mail: office@adau.edu.az

            heyvandartexnoloq@mail.ru

 

    Kafedranın tarixi 16 dekabr 1920-ci ildə Bakı Politexnik İnstitutunun nəzdində yaradılmış kənd təsərrüfatı fakültəsinin tərkibində heyvandarlıq şöbəsinin yaradılmasından başlanır. Fakültə 1929-cu ilə qədər Bakıda fəaliyyət göstərmiş,  1931-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (AKTİ) Gəncə şəhərinə köçürüldükdən sonra  heyvandarlıq şöbəsinin bazasında Zoobaytarlıq İnstitutu yaradılır. 1933-cü ildə bu institut  AKTİ-yə birləşdirilir.

   Hazırki kafedra 1922-ci ildə Xüsusi heyvandarlıq kafedrası, 1932-ci ildə Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və genetikası kafedrası, 1933-cü ildə Kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi və südçülük işi kafedrası və  1946-cı ildə Maldarlıq və atçılıq kafedrası adı ilə fəaliyyət göstərmişdir. 2009-cu ildən Heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası kafedrası adlanır.

Vaxtilə burada çalışmış alimlər: Akademik Firuz Məlikov, akademiyanın müxbir üzvü Ağaxan Ağabəyli, professor İ.İ.Kaluqin (ümumi heyvandarlıq), professor N.D. Potyomkin (maldarlıq kafedrası), professor A.S. Krılov (südçülük işi kafedrası), professor Y.A.Truvelt,  professor İlya Candperi,  professor Mirzə Sadıxov, professor Cavanşir Axundov, professor Rəhim Səttarzadə, professor Zülfüqar Verdiyev, professor Rəhim Mehdiyev, professor Turan Turabov, professor Kamal Ağalarov, dosent Yevgeni Kandelaki, dosent Surxay Quliyev, dosent Həmzə Hacıyev, dosent Firudin Məmmədov, dosent Paşa Cəfərov, dosent  Kamil Əliyev, dosent İntiqam Hüseynov, dosent Hüseyn Dəmirov, dosent İvan Budıka,  A.N.Şerbakov, V.İ.Qorbelik və başqaları.

Mütəxəssis hazırlığı aparılan ixtisaslar: Kafedra tərəfindən bakalavrait və magistratura səviyyələrində “zootexniklik” və “balıqçılıq və balıqçılıq təsərrüfatı işi”, doktorantura səviyyəsində “xüsusi zootexniya, heyvandarlıq məhsullarının istehsalı texnologiyası” və “kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi, seleksiyası, genetikası” ixtisasları üzrə kadr hazırlığı aparılır.

Kafedranın elmi istiqaməti:Kafedranın əməkdaşları tərəfindən “Azərbaycanda yetişdirilən kənd təsərrüfatı heyvanlarının, quş və balıq cinslərinin məhsuldarlığının keyfiyyətinin yüksəldilməsi,  yeni yemləndirmə və bəslənmə texnologiyalarından istifadə etməklə, yüksək məhsuldar ətlik və südlük cinslərin yaradılması” mövzusunda elmi-tədqiqat işi yerinə yetirilir.  Prof. Q.Q. Abdullayevin rəhbərliyi altında kafedranın əməkdaşları tərəfindən «Bozax», «Ləzgi» və digər qoyun cinsləri bərpa olunaraq təkmilləşdirilmişdir. Hazırda respublikamızda süni mayalanma yolu ilə Hissar qoyun cinsinin toxumundan istifadə etməklə yerli qoyunlarının ət məhsuldarlığının artırılması istiqamətində elmi tədqiqat işləri davam etdirilir.

Kafedranın beynəlxalq əlaqələri: Kafedranın Rusiyada fəaliyyət göstərən  Heyvandarlıq İnstitutu, K.A.Timiryazyev adına Rusiya Dövlət Aqrar Universiteti,  Skryabin adına Baytarlıq Akademiyası, Kənd Təsərrüfatı Heyvanlarının Yetişdirilməsi və Genetika İnstitutu,  Ukraynanın Sumi Milli Aqrar Universiteti, Türkiyənin Istanbul Universiteti, Ərzurum Atatürk Universiteti, ABŞ-ın  Ohayo Universiteti, Misir Ərəb Respublikasının Qahirə Universiteti, Norveçin Təbiət Elmləri Universiteti ilə əməkdaşlıq əlaqələri var. Bununla yanaşı, kafedranın  əməkdaşları Ümumdünya Elmi Quşçuluq Assosiasiyasının təşəbbüsü ilə keçirilən beynəlxalq konfranslarda iştirak edirlər. Buna misal olaraq, 2013-cü ilin oktyabr ayında Antaliyada keçirilən Beynəlxalq Quşçuluq Assosiasiyasının təşkil etdiyi konfransda kafedra əməkdaşlarının iştirak etməsi və  müvafiq sertifikatlar almasını göstərmək olar.

Kafedranın maddi-texniki bazası: Son illərdə kafedranın maddi-texniki bazası əsaslı şəkildə yenidən qurulmuş və dünya standartlarına uyğunlaşdırılmışdır. Belə ki, kafedranın nzədində Quşçuluq tədris-təcrübə mərkəzi, Qapalı və açıq balıqyetişdirmə laboratoriyası, Bildirçin yetişdirilməsi üzrə təcrübə təsərrüfatı yaradılmışdır. Bununla yanaşı, kafedrada müasir yunun təhlili, yemlərin analizi laboratoriyaları fəaliyyət göstərir.

Quşçuluq tədris-təcrübə mərkəzi: Ümumi sahəsi 254 m2 olan “Quşçuluq tədris-təc­rübə mərkəzi”in yara­dılma­sın­da məqsəd quşçuluq sahəsində yüksək­ix­tisaslı mütəxəs­sis­lərin hazırlanmasıdır. Mərkəzin 200 m2 sahəsində müa­sir tələblərə cavab verən ferma inşa edilmiş, 30 m2 ərazidə laboratoriya yaradılmış və avadanlıqlarla təchiz olun­muşdur. Burada kənd təsərrüfatı quşlarının bəs­lən­məsi, yetişdirilməsi, tələbələrə quşçuluq sahəsində mü­asir texnologiyaların öyrədilməsi, elmi-tədqiqat işlərinin aparılması, zootexniki-baytarlıq tədbirlərinin aparılma qaydaları, müasir diaqnostika üsulları və s. həyata keçi­rilir. 30-35 gün ərzində iki partiyada 3000 baş və mərhələdə 1500 baş broyler cinsli quş yetiş­diril­mişdir. Mərkəzdə 4 nəfər tələbə işlə  təmin edilmişdir. 

 Qapalı və açıq balıqyetişdirmə laboratoriyası: “balıqçılıq və balıqçılıq təsərrüfatı işi” ixtisası üzrə mü­tə­xəssis hazırlığının keyfiyyətini yaxşı­laşdırmaq məqsə­dilə fakültənin nəzdində ümumi sahəsi 72 m2 olan “Qapalı və açıq balıqyetiş­dirmə laboratoriyası” yaradıl­mış və iki növdə 2 min dən çox balıq yetiş­di­ril­mə­sinə baş­lan­mışdır. Artıq həmin ərazi­də 16 ədəd açıq su hovuzunun inşası başa çatdırılmış və onların 8-də artıq müxtəlif cins balıqlar bəslənilir. Laboratoriyada tələbələr balıq kürüsünün alın­ması, mayalandırılması məsələlərindən başlayaraq, balıq alın­ma­sınadək bütün texnoloji prosesdə iştirak edərək, həm­çinin müxtəlif növ balıqların yetişdirilməsi və yem­lən­dirilməsi texnologiyasına da yiyələnirlər.

Bildirçin yetişdirilməsi üzrə tədris mərkəzi: 2015-ci ildə yaradılmış bildirçin yetişdirilməsi  üzrə tədris mərkəzinin əsas məqsədi tələbələrə tədris eksperimental təsərrüfatlarda gələcək peşəsinin praktik biliklərlə sahib olmağa imkanın yaradılmasıdır. Bildirçin yetişdirmə üzrə Tədris mərkəzinin işinin əsas istiqaməti intensiv texnologiya əsasında bildirçinlərin bəslənməsi, müasir şəraitdə bildirçinlərin yetişdirilməsində qəfəsli batareyalardan istifadə etməklə döşəmə şəraitində yüksək nəticələrin əldə edilməsidir. Tədris Mərkəzində 10 minə yaxın bildirçin bəslənilir.