Mühəndislik fakültəsi

ADAU-da mühəndis kadrların hazırlığı müzakirə edilib

           Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsində kadr hazırlığı müzakirə edilib. Müzakirəni giriş sözü ilə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb. Rektor deyib ki, aqrar sahə üçün mühəndis kadrların hazırlanması ən aktual məsələrdən biridir. Dövlətin dəstəyi ilə universitetin digər fakültələri kimi  mühəndislik fakültəsinin də maddi-texniki bazası yenidən qurulub, tədris binası əsaslı təmir edilib, maşın-traktor parkı, müasir laborotoriyalar və auditoriyalar tələblərə tam cavab verib. Aqromühəndislik ixtisası üzrə mütəxəssis hazırlığının yalnız dövlət sifarişi əsasında həyata keçirilməsi əmək bazarının tələbinə uyğun  daha mükəmməl  kadr yetişdirməkdə  önəmli rol oynayır.  Bu imkanlardan səmərli istifadə edilməli, Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq ASC” ilə əlaqələr daha da möhkəmləndirilməlidir. Ən əsası yeni gətirilən texnikaların istismarına dair biliklərin mənimsənilməsində yaradılan şəraitdən maksimum istifadə edilməlidir.

        “Aqrolizinq ASC” nin sədri Elşən Məmmədov müzakirədə deyib ki, cəmiyyətimizin xətti ilə gətirilən texnikaların, xüsusilə pambıqyığan maşınların istismar qaydalarının öyrənilməsi üçün iki istiqamətdə-tədris aparan müəllimlərin yenidən hazırlanması və tələbələrin cəmiyyətin müvafiq qurumlarında təcrübə keçməsinin təşkili üzrə əməkdaşlıq əlaqələri dərinləşdirilməlidir. Görüş-müzakirədə iştirak edən digər nümayəndələr və ekspertlər də mövcud imkanlardan, əməkdaşlıq əlaqələrinin istiqamətləndirilməsindən danışıb.