Aqronomluq fakültəsi

Taxıl və paxlalı bitkilər laboratoriyası

  Sahəvi laboratoriya Azərbaycan Dövlət Aqrar Universiteti (AKTA) Elmi Şurasının (29 oktyabr 1991-ci il, protokol №2 ) təqdimatı və Kənd Təsərrüfatı Nazirliyinin əmri əsasında yaradılmışdır. Laboratoriyanın əsas hədəfləri respublikanın müxtəlif torpaq iqlim şəraiti üçün məhsuldar, yüksək keyfiyyətli, biotik və abiotik amillərə qarşı davamlı sortların yaradılması, taxıl bitkilərinin rayonlaşdırılmış və perspektivli sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla təşkili, bioloji cəhətdən təmiz toxumların istehsalı ztexnologiyasının təkmilləşdirilməsi və onun iqtisadi səmərəliliyinin araşdırılmasıdır, toxum təhlükəsizliyi mexanizminin təmin edilməsi metodunun işlənməsi, yeni yaradılmış məhsuldar sortların fermer təsərrüfatlarına sürətlə tətbiq olunmasına nail olmaqdır.
      Laboratoriyanın əsas istiqaməti  taxıl və paxlalı bitkilərin genofondunu toplamaq, onların bioloji və təsərrüfat xüsusiyyətlərini araşdırmaq, ən yaxşı formaları seçmək və onlardan başlanğıc material kimi istifadə edərək seleksiya işləri aparmaqdır. Bu məqsədlə laboratoriyanın təcrübə sahəsində hibrid, kolleksiya və seleksiya pitomnikləri yaradılmış və həmin pitomniklərdə toplanmış genofond nümunələri, o cümlədən kolleksiya materialı becərilir, seleksiya işi aparılır və ilkin toxumçulugu təşkil edilir. Hal-hazırda 80-ə yaxın ləkdə səpin aparılmışdır. 7 fermer təsərrüfatı ilə qarşılıqlı əlaqələr yaradılmışdır.

      Laboratoriyada aşağıdakı əməkdaşlar çalışırlar:  Qurbanov F.H. lab. müd., b.f.d., əməkdar k/t işçisi, dosent ; İsgənədərov A.İ.,b.e.i. alim-aqronom;  Allazov Ş.M.b.e.i. alim-aqronom; Əhmədov A.A. b.e.i. alim-aqronom; Məmmədova S. İ. b.e.i. alim-aqronom;  Məmmədova S.N., laborant;  Allazova R. Y., laborant;  Şəmilova N.Ş. laborant; 

      Sahəvi laboratoriya yarandığı gündən başlayaraq qarşıya qoyulmuş məqsədə uyğun olaraq taxıl və paxlalı bitkilərin, o cümlədən buğda, arpa, tritikale, qarğıdalı, yonca və s. yabanı və mədəni növlərini, növ müxtəlifliklərini və sortlarını toplayaraq, 500-dən artıq nümunədən ibarət seleksiyanın “qızıl fondu” hesab edilən başlanğıc material pitomniki yaratmışdır. Laboratoriya əməkdaşları tərəfindən bu nümunələr üzərində geniş seleksiya işləri aparılmış və müəyyən nəticələr əldə edilmişdir. Belə ki, çarpazlaşdırma üsulu ilə onlarla buğda hibridi, qarğıdalı hibridi, fərdi və kütləvi seçmə yolu ilə isə bir çox taxıl və paxlalı bitkilərin perspektiv formaları yaradılmışdır. Alınmış yeni formalar ilkin və seleksiya sortsınağında daim sınaqdan keçirilmiş, zəif formalar çıxdaş edilmiş, perspektiv formalar isə müsabiqə sort sınağı pitomnikinə keçirilmişdir.

         Laboratoriyanın əməkdaşları tərəfindən seleksiya və toxumçuluğun xüsusi metod və üsullarının tətbiqi ilə nümunəvi aqrofonda becərilmiş, sortlara məxsus bioloji və morfoloji əlamətlərə malik məhsuldar bitkilərdən alınmış başlanğıc materialın toplanması təqdirəlayiqdir. Laboratoriya Beynəlxalq CYMMYT və ICARDA proqramının üzvüdür və bu proqramın metodikasına uyğun olaraq elmi-tədqiqat işləri yerinə yetirir. Sahəvi laboratoriya Türkiyə seleksiya mərkəzi ilə müştərək elmi-tədqiqat işi aparır və Türkiyədən gətirilmiş 60 nümunəni sınaqdan keçirir. Formaların genomlarının öyrənilməsi üçün Türkiyənin “Harran” Universiteti ilə əlaqədar qurulmuş, ilk 20 nümunə analiz üçün təqdim olunmuşdur.

        Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar və Əkinçilik İnstitutları ilə sahəvi laboratoriyanın sıx əlaqəsi vardır. Həmin institutlardan gətirilmiş nümunələr də seleksiya pitomniklərində səpilmişdir. Akademik C.Ə.Əliyevin rəhbərliyi ilə yaradılan sortların müxtəlif torpaq-iqlim şəraitlərində becərilməsinin iştirakçısı olan laboratoriya bir sıra nailiyyətlər əldə etmişdir. Yeni sortlar yaratmaq, yeni rayonlaşdırılmış sortların dən məhsuldarlığını öyrənmək, toxumçuluğunu təşkil etmək və aprobasiyanın aparılma metodikasını işləmək, taxıl bitkilərinin genefond nümunələrini araşdırmaq yenilikdir.

        Laboratoriya əməkdaşları tərəfindən çarpazlaşdırma nəticəsində alınmış hibridlər ilkin sınaqdan keçirilir. Belə perspektiv formalardan 30-u müsabiqə sort sınağına keçirilmişdir. Laboratoriya əməkdaşları tərəfindən alınmış və rayonlaşdırılmış “ADAU – 80” və “Gəncə”  qarğıdalı sortlarının, həmçinin Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim olunmuş “Məhsuldar” qarğıdalı sortunun, “Qismət” tritikale sortunun, “Qırmızı buğda 1” və “Nurcahan” yumşaq buğda sortlarının toxum fondunun yaradılması istiqamətində geniş tədqiqat işləri aparılmışdır. 2016-ci ilin məhsulu üçün hibrid, seleksiya, çoxaltma pitomniklərində kataloq üzrə səpin aparılmışdır.

       Yeni yaradılmış “Qismət” tritikale sortu seleksiya sınağından müvəfəqiyyətlə keçmiş, 3 ha sahədə təsərrüfat sortsınağından keçirilmiş və Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının qərarına əsasən toxum nümunələri İsmayıllı SSM -ə göndərilmişdir. “Nurcahan” yumşaq buğda sortu laboratoriya əməkdaşları tərəfindən kütləvi seçmə yolu ilə yaradılmış və Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmiş və onun qərarına əsasən toxum nümunələri İsmayıllı SSM, Salyan SSM, Gədəbəy SSM, Zaqatala SSM, Ağdam SSM, Qusar taxıl SSM və Xaçmaz SSM -ə göndərilmişdir.

       Əkinçilik ET institutunun Dənin keyfiyyəti laboratoriyasının analiz nəticələrinə görə bu sortlar yüksək keyfiyyət və kəmiyyət göstəricilərinə malik olduqları təsdiq olunmuşdur. Laboratoriya əməkdaşları tərəfindən taxıl bitkilərinin 20-yə yaxın ən yaxşı forması seçilmiş və seleksiya pitomnikinə keçirilmişdir.