Aqrobiznes və idarəetmə fakültəsi

ADAU-nun tələbə yataqxanasında yanğın təhlükəsizliyinə dair tədbir keçirilib

08 dekabr 2016-cı il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbə yataqxanasında Azərbaycan Respublikası Fövqalədə Hallar  Nazirliyinin Gəncə Regional Dövlət Yanğın Nəzarəti idarəsinin əməkdaşlarının iştirakı ilə tələbələr arasında  yanğın təhlükəsizliyi qaydalarına dair maarifləndirmə işinin aparılması məqsədilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan tədris işləri üzrə prorektor, dosent Anar Hətəmov çıxış edərək universitetdə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülmüş işlər, bu sahədə tələbələr arasında maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyi barədə danışıb. Dövlət Yanğın Nəzarəti Xidmətinin Təbliğat şöbəsinin əməkdaşı Nizami Fərəcov, Gəncə Dövlət Yanğın Nəzarəti şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Nofəl Əhmədov və böyük inspektoru, daxili xidmət mayoru Ülfət Abbasov yanğın təhlükəsizliyi qaydaları barədə məruzə etmiş, tələbələri maraqlandıran sualları cavablandırmışlar. Tədbirdə tələbələrə yanğın təhlükəsizliyinə dair filmlər də nümayiş etdirilib.