Kənd təsərrüfatı naziri İnam Kərimov ADAU-da yeni dərs ilinin açılışında iştirak edib

Azərbaycan Dövlət Aqrar Universitetində 2018/2019-cu tədris ilinin açılış mərasimi olub. Mərasimdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov, nazirliyin müvafiq strukturlarının rəhbərləri də iştirak ediblər. 
Universitetin Mühəndislik korpusunun həyətində dərs ilinin başlanmasına həsr edilən tədbiri giriş sözü ilə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb. Rektor universitetin maddi-texniki bazasının müasirləşdirilməsi və rəqabətədavamlı kadr hazırlığının təmin edilməsinə Kənd Təsərrüfatı nazirliyinin verdiyi dəstəkdən danışıb, yeni dərs ilinə hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verib. 
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən aqrar siyasət kursunun nəticələri, qarşıda duran vəzifələr və bu vəzifələrin icrasında Azərbaycan Dövlət Aqrar Universitetinin rolu barədə danışıb, professor-müəllim və tələbələri yeni dərs ili münasibətilə təbrik edib.
Tədbirdə iştirak edən Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov isə ölkədə aparılan uğurlu aqrar siyasətin nəticələrindən danışıb, Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəlim və tələbələrinə yeni dərs ilində uğurlar arzulayıb. 
Sonra nazir İnam Kərimov kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı ixtisasları üzrə yüksək balla ADAU-ya qəbul olan tələbələrlə görüşüb. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı və dəstəyi ilə bu ildən etibarən Azərbaycan Dövlət Aqrar Universitetini fərqlənmə diplomu ilə bitirən tələbələr ixtisasları üzrə işlə təmin olunacaqlar. Bu il ilk olaraq 10 belə tələbənin işlə təmin olunacağını deyən nazir növbəti ildən bu rəqəmin daha da artacağına ümidvar olduğunu deyib. Kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradıldığı barədə məlumat verən nazir İnam Kərimov qeyd edib ki, xidmət yönümlüfəaliyyət göstəriləcək. DAİM-lərin işinin uğurla təşkili bu mərkəzlərdə gənc, peşəkar kadrların çalışmasını zəruri edir və ADAU DAİM-lərin peşəkar kadrlarla təmin olunmasında baza rolunu oynaya bilər.
Nazir İnam Kərimov Aqronomluq fakültəsində akademik Cəlal Əliyev adına auditoriyanın açılışında iştirak edib, ADAU-da yaradılan heyvandarlıq, balıqçılıq, quşçuluq kompleksləri və istixanalarla, Baytarlıq korpusunun 2-ci və 3-cü mərtəbələrinin əsaslı təmirdən sonrakı vəziyyəti ilə, Aqrotexnologiya korpusu ilə tanış olub.