ADAU-da tələbələrin startap müsabiqəsinin yekun mərhələsi keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetidə (ADAU) tələbələrin startap ideyalarını dəstəkləmək və onların elmə olan marağını stimullaşdırmaq məqsədilə 2017-ci ildə elan olunmuş startap layihələrinin müsabiqəsinə yekunlaşıb. Universitetinin Tələbə evinin akt zalında keçirilən tədbiri giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək bildirib ki, dövlətimizin dəstəyi ilə universitetdə yaradılmış şərait, o cümlədən aqrobiznes inkubasiya mərkəzi,  aqrokimya, toxumçuluq, qapalı və açıq balıqyetişdirmə,  kənd təsərrüfatı maşınlarının intellektual idarə edilməsi laboratoriyaları, quşçuluq, bildirçin, süni mayalanma tədris mərkəzləri, maşın-traktor parkı, heyvandarlıq kompleksi, bitki və baytralıq klinikaları, pataloji anatomiya muzeyi-auditoriyası tələbələrin innovativ ideyalarının, startap layihələrinin həyata keçirilməsinə geniş imkanlar yaradıb. Qeyd olunan müsabiqənin təşkili 6 dekabr 2016-cı il tarixində təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin universitetdə icrası baxımından  mühüm əhəmiyyət kəsb etdiyi bildirən rektor tələbələrə uğurlar arzulayıb.

Tələbələrin müsabiqəyə təqdim etdiyi 36 layihə münsiflər heyəti tərəfindən qiymətləndirilib. Layihələr universitetdə istehsal olunan məhsulların “ADAU brendi”nin yaradılması, ADAU-da qida dəyəri zəncirinin inkişafı, aqrar yönümlü universitetlərdə texnoloji parklar, ekoloji kənd təsərrüfatı məhsullarının marketinqi, elektron kənd təsərrüfatı, aqrar sahədə alternativ enerji mənbələrindən istifadə, kənd təsərrüfatında mütərəqqi suvarma üsullarının tətbiqi, kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən qorunması, ətraf mühitin qorunması, torpaq sensoru, toxumların becərilməsi, dərman bitkilərinin istehsalı, istixanalarda istehsalın təşkili, kənd təsərrüfatında məsləhət xidmətinin təşkili, ağıllı süd sağımı sistemi,  kənd təsərrüfatı layihələrinin mobil tələbə dəstələri ilə yerinə yetirilməsi, səs aparatının tətbiqi,  milli mikrobioloji bank, steril şitil, əlverişli kultivasiya mexanizmi, ADAU-da “yaşıl market”in yaradılması  istiqamətlərini əhatə edib.

İki gün davam edəcək müsabiqənin sonunda 1-ci yerə layiq görülən layihə müəllifinə 500 manat, 2-ci yer üçün 300 manat və 3-cü yer üçün 200 manat məbləğində mükafat, digər iştirakçı tələbələrə sertifikatlar təqdim olunacaq.