Aqrar Universitetdə narkomaniyaya qarşı mübarizə adlı tədbir keçirilib

           Azərbaycan Dövlət Aqrar Universitetində Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə “Narkomaniyaya qarşı mübarizə hər birimizin borcudur” adlı toplantı keçirilib. Tələbələrin və gənc müəllimlərin iştirakı ilə keçirilən toplantıda narkomaniyanın sağalmaz bəla olduğundan danışılıb və bu itiqamətdə aparılan mübarizə tədbirlərindən faktlar gətirilib.

         ADAU-nun mətbuat xidmətindən bildirilib ki, tədbiri giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımov aşıb, gəncliyin böyük qüvvə olduğundan, onların sağlam mühitdə sağlam yaşamalarının vacibliyindən, narkomaniyanın ömrü məhv edən dəhşətli bir bəla olmasından danışıb.

         Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev məruzəsində narkotik və psixotrop maddələrin insan sağlamlığına və cəmiyyətə ziyanından geniş məlumat verib, bu istiqamətdə yaradılan beynəlxalq konvesiyaların gördüyü işlərdən, verilən mühüm sərəncamlardan söz açıb. İ. Balakişiyev Azərbaycanda 24 min narkomanın qeydiyyatda olduğunu və bunların 6 minini gənclərin təşkil etdiyini nəzərə çatdırıb. 2015-ci ildə narkotik maddələrin satışı üzrə Gəncədə 55 faktın aşikar edildiyini və 32 kiloqram 694 qram narkotik vasitənin dövriyyədən çıxarıldığını deyən İ. Balakişiyev bu ilin 5 ayında bu rəqəmin artdığını, 10 faktın aşikar edilərək 42 kiloqram 378 qram narkotik vasitənin dövriyyədən çıxarıldığını söyləyib.

         Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və geniş diskusiya aparılıb. Bildirilib ki, narkomaniya ilə mübarizə tək polisin işi deyi və bu mübarizədə cəmiyyətin hər bir üzvü fəal olmalıdır.