“Azərbaycan Kənd Təsərrüfatı İnstitutu nəinki yük­səkixtisaslı kadrlar hazırlamalı, həm də respublikada kənd təsərrüfatını daha da inkişaf etdirmək sahəsində elmi tədqiqatların mühüm mərkəzi olmalıdır”!

 

Heydər Əliyev,
Ümummilli Lider

 

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qarşısında duran ən ciddi məsələlərdən biri ölkəmizdə ali təhsil müəssisələrinin yaradılması, ali təhsilli milli kadrların hazırlanması idi. Birinci istiqamətdə əsas diqqət Bakı Dövlət Universitetinin, Kənd Təsərrüfatı və Pedaqoji İnstitutlarının, həmçinin Milli Konservatoriyanın yaradılmasına yönəldilmişdi. Dördüncü hökumətin sədri Nəsib bəy Yusifbəylinin Parlamentdəki çıxışından bəlli olur ki, ali təhsil sahəsində əsas işlərdən biri Kənd Təsərrüfatı İnstitutunun yaradılması, digəri isə Tiflisdəki Zaqafqaziya Universitetinin Bakıya köçürülməsi məsələsi idi. 1919-cu ilin sentyabr ayında min bir əzab- əziyyət bahasına Bakı Dövlət Universiteti təsis edildiyi halda, digər ali məktəblər: Kənd Təsərrüfatı İnstitutu, Pedaqoji İnstitut və Konservatoriyanın təsisi ilə bağlı layihə sənədləri hazır olmasına baxmayaraq, onları gerçəkləşdirmək mümkün olmamışdı.

1920-ci il noyabrın 13-də Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla təsis edilmiş Bakı Politexnik İnstitutunun nəzdində 5 fakültə: neft sənayesi; elektromexanika; mühəndis-tikinti; kənd təsərrüfatı və iqtisadiyyat fakültələri yaradılmışdır. Kənd təsərrüfatı fakültəsinin yaradılması ilə ölkəmizdə ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmışdır. 1924-cü ildə mütəxəssis hazırlığının birinci buraxılışı olmuşdur.

1929-cu ilədək fəaliyyət göstərmiş kənd təsərrüfatı fakültəsində tədris prosesini təmin etmək üçün o dövrlərdə Cənubi Qafqaza sürgün edilmiş bir qrup görkəmli rus və digər əcnəbi alimlər cəlb edilmişdir. Həmin dövrdə ölkəyə yüzlərlə kənd təsərrüfatı mütəxəssisi tələb olunduğundan yenidən Kənd Təsərrüfatı İnstitutunun yaradılması zərurəti yaranmışdı.

Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılmış və bu İnstitut 1931-ci ildə Gəncəyə köçürülmüşdür. Buradakı Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytarlıq İnstitutu və Tiflisdəki Hidromeliorasiya İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutu tərkibinə birləşdirilmişdir.

1930-cu ilin dekabr ayında Respublikamızda ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmasının 10 illiyi ilə əlaqədar 1932-ci ildə AKTİ-nin dar çərçivədə 10 illik yubileyi keçirilmiş, 50 çap vərəqi həcmində 1000 nüsxə (500-ü türk (Azərbaycan), 500-ü rus dilində) yubiley toplusu Bakıda “Qızıl Şərq” mətbəəsində nəşr edilmişdir.

1940-cı ildə Respublikamızda ali kənd təsərrüfatı təhsili üzrə mütəxəssis hazırlığının 20 illiyi ilə əlaqədar Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun yubileyi keçirilmiş, kənd təsərrüfatı istehsalının və elminin inkişafında böyük xidmətlərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə İnstitutun bir qrup əməkdaşı Sovet İttifaqının orden və medalları ilə təltif edilmişdir.

1950-ci ildə İnstitutun 30 illiyi ilə əlaqədar SSRİ Ali Təhsil Nazirliyinin 10 aprel 1951-ci il tarixli 594 nömrəli əmrilə AKTİ-nin dar çərçivədə 30 illik yubileyi keçirilmişdir.

Kənd Təsərrüfatı İnstitutunun inkişafı Ulu öndər Heydər Əliyevin diqqəti və qayğısı ilə bilavasitə bağlıdır.

1969-cu il iyulun 14-də Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçilən Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Respublikada yüksəkixtisaslı kadr hazırlığında və kənd təsərrüfatı elminin inkişafında böyük xidmətləri nəzərə alınaraq 1969-cu il

iyulun 22-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Bürosunun, 1969 –cu il avqustun 30-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin “S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 50 illiyinə hazırlıq və onun keçirilməsi tədbirləri haqqında” qərarı qəbul olunmuş, yubileyin keçirilməsi 1970-ci il dekabrın 14-ə təyin edilmiş, Mərkəzi Komitənin katibi Qəmbər Kazımovun sədrliyi ilə 27 nəfərdən ibarət hökümət yubiley komissiyası yaradılmış və həmin qərardan irəli gələn müddəaların icrasını təmin etmək məqsədilə müvafiq orqan və təşkilatlara göstərişlər verilmişdir.

Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili naziri Z.Hüseynovanın 14 avqust 1969-cu il tarixli 291 nömrəli əmrində yubileyin keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, lakin bəzi üzrlü səbəblərdən yubiley təyin olunmuş müddətdə keçirilməmişdir.

1976-1978-ci illərdə İnstitut rəhbərliyi sadalanan sənədlərə istinadən 50 illik yubileyin keçirilməsi ilə bağlı yuxarı orqanlara yenidən müraciət etmiş və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1979-cu il 13 mart tarixli qərarı ilə 50 illik yubileyin keçirilməsi yenidən gündəmə gəlmişdir. Həmin illərdə Respublikaya rəhbərlik edən Ulu öndər Heydər Əliyevin xidməti sayəsində yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli Fərmanı ilə “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. 1980-ci il dekabr ayının 16-da görkəmli dövlət xadimi Heydər Əliyev Gəncəyə gələrək, ”Bakı” kinoteatrının böyük salonunda keçirilmiş təntənəli yığıncaqda Sovetlər İttifaqının rəhbərliyi adından İnstitutun kollektivinə ordeni təqdim etmişdir.

Yarandığı gündən indiyədək, yəni son 100 ildə Azərbaycan Dövlət Aqrar Universiteti çox şərəfli yol keçmiş, ölkəmizin aqrar sektoru üçün 70 minə yaxın yüksəkixtisaslı mütəxəssis hazırlamış, onların arasında ruslar, ukraynalılar, belaruslar, gürcülər, türklər, ləzgilər, yəhudilər, tatarlar, yunanlar və başqa millətlərin nümayəndələri olmuşdur.Məzunlar arasında görkəmli alimlər, dövlət və siyasi xadimlər, SSRİ və Azərbaycan SSR Parlamentlərinin deputatları, Sosialist Əməyi Qəhrəmanları olmuşdur. Məzunlardan 13-ü AMEA-nın həqiqi üzvü, 10-u müxbir üzvü seçilmişdir. Görkəmli məzunlardan akademiklər Həsən Əliyev, İmam Mustafayev, Validə Tutayuq, Firuz Məlikov, İlyas Abdullayev, Ələkbər Quliyev, Musa Musayev və onlarla digərləri daim qürur hissi ilə yad edilir.

Keçmiş Azərbaycan Kənd Təsərrüfatı İnstitutu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1991-ci ilin iyun ayından Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Nazirlər Kabinetinin 2009-cu il 4 aprel tarixli 53 nömrəli qərarı ilə Azərbaycan Dövlət Aqrar Universiteti adlanır.

Universitet 2012 və 2018-ci illərdə Təhsil Nazirliyinin akkreditasiyasından keçmiş, sonuncu dəfə 2011-ci il iyulun 19-da “Dövlət qeydiyyatı haqqında şəhadətnamə” ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmışdır. 2019-cu ildə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ADAU-nun 100 illik tarixi ilə bağlı təqdim olunan sənədlərə əsasən 2019 0916 nömrəli Əmtəə nişanını “ADAU-1920” kimi təsdiq etmişdir.

Bu gün ADAU-nun 8 fakültəsi, 37 kafedrasında 550-dən çox professor-müəllim heyəti çalışır, bakalavriat, magistratura və doktorantura səviyyələrində 33 ixtisas, 75 ixtisaslaşma üzrə 6 mindən çox tələbə əyani və qiyabi təhsil formalarında təhsil alır. Tədris 6 ixtisasda ingilis, 10 ixtisasda rus dilində aparılır.

14 ixtisas üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişi ilə həyata keçirilir.

Universitet dünyanın 20 ölkəsinin, o cümlədən MDB ölkələrinin 90 Universiteti və elmi mərkəzləri ilə qarşılıqlı tədris və elmi əlaqələr qurmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Türkiyənin Ege Universiteti ilə imzalanmış Anlaşma Memorandumuna, habelə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Şurası tərəfindən təsdiq olunmuş protokola uyğun olaraq 2020/2021-ci tədris ilindən Türkiyənin Ege Universiteti ilə birgə ikili proqram əsasında “aqronomluq”, “bitki mühafizəsi”, “aqromühəndislik” və “iqtisadiyyat” ixtisasları üzrə kadr hazırlığı aparılır.

Bu gün Universitetdə müasir əmək bazarının tələblərinə uyğun bitkiçilik, heyvandarlıq və digər sahələr üzrə yüksəkixtisaslı mütəxəssis hazırlığı üçün zəngin maddi-texniki baza mövcuddur.

Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin inkişafına, maddi-texniki bazasının möhkəmləndirlməsinə xüsusi diqqət və qayğı göstərir. Bütün bunlar Universitetdə müasir standartlar çərçivəsində inşa edilmiş yeni tələbə evləri və tədris korpuslarının istifadəyə verilməsində öz bariz nümunəsini tapır. 2016-2020-ci illərdə möhtərəm Prezidentimiz 3 dəfə Universitetdə olmuş, 2 tələbə yataqxanasının və 1 tədris korpusunun açılışında iştirak etmişdir.