ADAU-da online videokonfrans keçirilib

2020-ci il avqustun 26-da Azərbaycan Dövlət Aqrar Universiteti(ADAU), Aqrar Elm və İnnovasiya Mərkəzi və Aqrar Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı, eləcə də respublikamızda Şəmkir, Goranboy və Yalama ərazisində fəaliyyət göstərən Aqroparkların nümayəndələrinin iştirakı ilə “Aqrar təhsilin, elmin və istehsalın inteqrasiyasında aqroparkların rolu” mövzusunda onlayn elmi-praktik videokonfrans keçirildi.
Tədbiri giriş sözü ilə ADAU-nu elm şöbəsinin müdiri, b.f.d. Aytəkin Əsgərova açaraq bildirib ki, konfransın məqsədinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nın aqrar təhsildə keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidin təmin edilməsi və aqrobiznesin inkişafına dəstək infrastrukturunun formalaşdırılması prioritetlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin inkişafı məqsədilə həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarət olduğunu diqqətə çatdırdı.
Sonra AEİM-nin direktoru, a.e.f.d. İmran Cümşüdov aqrar sahənin müasir inkişafında və innovasiyaların tətbiqində aqroparkların rolundan danışıb. Aqrar sahə üzrə aparılan elmi-tədqiqat işlərinin aqroparklarda tətbiqi imkanlarına dair fikirlərini söyləyib.
ATM-nin direktoru, i.e.f.d. Firdovsi Fikrətzadə aqrar təhsilin, elmin və istehsalın interqasiyasında beynəlxalq təcrübələr barədə məlumat verdi və aqroparklarda tətbiq olunan texnologiyalar və onların istehsalata transferi mövzusunda aparılan tədqiqatlara dair məruzə edib.
Daha sonra Xatirə Məmmədova (“Region Aqropark” MMC-Goranboy rayonu), Şəlalə Mövlayeva (“Şəmkir Aqropark” MMC-Şəmkir rayonu) və Mirrəhman Ağazadə (“Yalama Aqropark” MMC-Xaçmaz rayonu) təmsil etdikləri aqroparkların kadrlara olan ehtiyacının ödənilmə səviyyəsi və universitet-sənaye əməkdaşlığında Karyera Mərkəzinin rolundan bəhs edən çıxışlar ediblər.
Sonda qarşılıqlı maraq doğuran bir sıra suallar ətrafında geniş müzakirələdən sonra, bu cür konfransların gələcəkdə də təşkil olunmasının vacibliyi qeyd olunub.