Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə beynəlxalq elmi konfrans

Əziz tədqiqatçılar!

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi ənənəvi olaraq bu ildə də iqtisadiyyat və idarəetmə sahəsində təhsil alan magistr və doktorantlar üçün III Beynəlxalq Elmi Konfransı təşkil edəcəkdir. 

Azərbaycanda beynəlxalq standartların tələbləri səviyyəsində təşkil edilən əvvəlki iki konfransda dünyanın 50-dən çox ölkəsindən 1000-ə yaxın magistrant və doktorant iştirak etmiş, elm komitəsi tərəfindən qəbul edilmiş tezis və məruzələr konfransın Tam Mətn Məruzələr kitabında nəşr edilmiş və elektron elmi platformalarda yerləşdirilmişdir.

Konfransın Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 4–7 iyun 2021 tarixlərində Gəncə şəhərində keçirilməsi planlaşdırılır. “Nizami ili” çərçivəsində təşkil olunacaq III Beynəlxalq Elmi Konfrans dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə “Nizami Gəncəvi və Dayanıqlı İnkişaf” mövzusuna həsr olunacaq. Pandemiya şəraitini nəzərə alaraq konfransın online rejimdə keçirilməsi nəzərdə tutulur.

Bildirmək istərdik ki, bu il konfransın elm komitəsi tərəfindən seçiləcək məruzələrin elmi jurnallarda və beynəlxalq statuslu məruzələr kitabında nəşr olunması, məruzələr kitabının  Harvard University, Oxford University, Yale University, Stanford University, Princeton University, Columbia University, Toronto University, Chicago University, Royal Danish Library, Duke University, British Library, Halle Wittenberg University, Biblioteque Nationale de France kimi nüfuzlu universitet və dövlət kitabxanalarının kataloqlarında yerləşdirilməsi nəzərdə tutulur.

Bu il keçiriləcək konfransda dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş elm xadimlərinin və ölkəmizin özəl və dövlət sektorunda çalışna tanınmış mütəxəssislərinin iştirakı ilə 10-a yaxın dəyirmi masa təşkil olunacaqdır.

Sizləri konfransda iştirak etməyə dəvət edir və ümid edirik ki, gənc tədqiqatçılarımız əvvəlki illərdə olduğu kimi, bu konfransda da elmi biliklərin mübadiləsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və tədqiqat təcrübəsi imkanlarından yararlana biləcəklər.

Qeyd: Konfransda məqalə dərc etdirmək ödənişsizdir