Türkiyədə BISAB sertifikatı alan ilk azərbaycanlı tələbə – Murad Kərimzadə

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin “Bitkilərin toxumçuluğu” ixtisaslaşması üzrə I kurs magistrantı Kərimzadə Murad Vəkil oğlu Türkiyədə təşkil olunan beynəlxalq ixtisasartırma proqramında uğurla iştirak edərək BISAB tərəfindən sertifikatla təltif olunan ilk azərbaycanlı tələbə olub.

Hazırda o, 2025-ci il fevralın 10-dan avqustun 31-dək Türkiyənin Antalya şəhərində yerləşən Batı Akdeniz Araşdırma İnstitutu və Akdeniz Universitetində keçirilən intensiv təlim proqramında bilik və bacarıqlarını daha da təkmilləşdirməkdədir.

Proqram Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin nəzdində fəaliyyət göstərən Bitki Islahçıları Alt Birliyi (BISAB) tərəfindən həyata keçirilir və bitki seleksiyası və toxumçuluq sahəsində fəaliyyət göstərmək istəyən mütəxəssislər üçün rəsmi və məcburi təlim statusuna malikdir.

Tədris çərçivəsində magistrant tərəvəz və meyvə bitkilərinin (pomidor, xiyar, badımcan, bibər, yemiş, üzüm və s.) seleksiyası və yetişdirilməsi, xəstəliyə davamlı sortların seçilməsi, yeni sortların yaradılması, hibrid toxum istehsalı, yabanı formalarla hibridləşdirmə və ekoloji baxımdan davamlı sortların əldə olunması sahələrində nəzəri və praktiki biliklər əldə edir.

Kursun sonunda təqdim edilən BISAB sənədi Türkiyə ərazisində rəsmi şəkildə bitki seleksiyası və toxum satışı hüququ verən hüquqi sənəd hesab olunur.

Qeyd edək ki, Kərimzadə Murad bu proqramda iştirak edəcək və onu tam şəkildə bitirəcək ilk azərbaycanlı tələbədir. Bu uğur ADAU tələbələrinin beynəlxalq səviyyədə tanınan mütəxəssis kimi yetişdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.


Türkiyədə BISAB sertifikatı alan ilk azərbaycanlı tələbə – Murad KərimzadəTürkiyədə BISAB sertifikatı alan ilk azərbaycanlı tələbə – Murad KərimzadəTürkiyədə BISAB sertifikatı alan ilk azərbaycanlı tələbə – Murad KərimzadəTürkiyədə BISAB sertifikatı alan ilk azərbaycanlı tələbə – Murad Kərimzadə