Keçid dövründə olan dünyada münaqişələrin həlli: Azərbaycanın güc və sülh təcrübəsi

Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Qlobal güc balansının dəyişməsi, beynəlxalq institutların zəifləməsi və regional münaqişələrin artması fonunda sülhün təmin olunması ən mürəkkəb çağırışlardan birinə çevrilmişdir. Bu kontekstdə dövlətlərin real təcrübələrinə əsaslanan yanaşmalar xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 12 mart 2026-cı ildə XIII Qlobal Bakı Forumunda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda etdiyi çıxış Azərbaycanın münaqişə və sülh modelini beynəlxalq diskussiyanın mərkəzinə çıxarmışdır.

Azərbaycanın təcrübəsi post-münaqişə sülh quruculuğu baxımından nadir və çoxşaxəlidir. Təxminən 30 il ərzində ölkə ərazisinin 20 faizi işğal altında olmuş, bir milyondan artıq azərbaycanlı etnik təmizləməyə məruz qalaraq doğma yurdlarından didərgin düşmüşdür. Bu dövrdə beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulmasına baxmayaraq, beynəlxalq ictimaiyyət effektiv mövqe nümayiş etdirməmişdir. Xüsusilə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin icrasız qalması beynəlxalq mexanizmlərin selektiv və zəif işlədiyini göstərmişdir.

Prezident İlham Əliyevin çıxışında vurğuladığı əsas məqamlardan biri ondan ibarətdir ki, sülh yalnız diplomatik bəyanatlarla deyil, real siyasi iradə və ədalətə əsaslanan mexanizmlərlə mümkündür. Uzun illər ərzində aparılan nəticəsiz danışıqlar göstərdi ki, beynəlxalq vasitəçilik institutları bəzən münaqişənin həllindən daha çox onun dondurulmasında maraqlı ola bilirlər. Bu baxımdan ATƏT-in Minsk qrupunun fəaliyyəti Azərbaycanın qiymətləndirməsində uğursuz və zərərli nümunə kimi xarakterizə olunur. Həmsədrlərin 28 illik fəaliyyəti münaqişəni həll etmək əvəzinə onu idarə olunan qeyri-sabitlik vəziyyətində saxlamışdır.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi isə Azərbaycanın strateji səbir mərhələsindən qətiyyət mərhələsinə keçidini simvolizə etdi. Prezidentin tezisinə görə, əgər beynəlxalq hüquq və tarixi ədalət bir dövlətin tərəfindədirsə, lakin sülh yolu ilə həll üçün bütün imkanlar tükənibsə, gücdən istifadə legitim və zəruri vasitəyə çevrilə bilər. Azərbaycan bu müharibə nəticəsində öz suverenliyini və ərazi bütövlüyünü bərpa edərək müasir beynəlxalq münasibətlər tarixində nadir presedent yaratdı: ölkə öz gücü hesabına işğala son qoydu və sonradan sülh prosesini siyasi müstəviyə daşıdı.

Çıxışda xüsusi diqqət yetirilən digər mühüm aspekt ikitərəfli danışıqlar modelidir. Prezident İlham Əliyev açıq şəkildə bəyan etmişdir ki, Azərbaycan “dırnaqarası vasitəçilikdən” imtina edərək Ermənistanla danışıqları üçüncü tərəflərsiz aparmağa üstünlük vermişdir. Bu yanaşma nəticə etibarilə sülhün əldə olunmasını daha real və mümkün etmişdir. Bu fakt göstərir ki, bəzi hallarda birbaşa dialoq, vasitəçilərin yaratdığı mürəkkəb diplomatik mexanizmlərdən daha effektiv ola bilər.

Azərbaycanın təcrübəsi göstərir ki, sülh yalnız kompromislərin deyil, həm də prinsipial mövqenin məhsuludur. Ərazi bütövlüyü, suverenlik və beynəlxalq hüququn aliliyi kimi prinsiplər danışıqlar predmeti deyil, sülhün əsasını təşkil edən dəyişməz dəyərlərdir. Prezidentin forumdakı çıxışı bu baxımdan qlobal auditoriyaya ünvanlanan mühüm siyasi mesaj kimi çıxış edir: ədalətsiz status-kvonun qorunması uzunmüddətli sülh yaratmır, əksinə, yeni münaqişələrin əsasını qoyur.

Nəticə etibarilə Azərbaycanın işğaldan sülhə gedən yolu keçid dövründə olan dünya üçün mühüm dərslər təqdim edir. Bu model göstərir ki, beynəlxalq hüquqa əsaslanan güc tətbiqi və sonrakı siyasi dialoq bir-birinə zidd deyil, əksinə, düzgün ardıcıllıqla tətbiq edildikdə davamlı sülhün təmin olunmasına xidmət edə bilər. Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı məhz bu reallığın konseptual ifadəsi kimi qiymətləndirilə bilər.

İctimai fənlər kafedrasının müəllimi Günay Quliyeva,
Azərbaycan Dövlət Aqrar Universiteti