Azərbaycan–Gürcüstan əlaqələrinin regional əhəmiyyəti

Azərbaycan və Gürcüstan arasında münasibətlər dərin tarixi köklərə əsaslanır və əsrlər boyu formalaşmış dostluq ənənələri ilə səciyyələnir. Bu münasibətlə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qeyd etmişdir: “Gürcüstan bizim üçün yaxın qonşu və dost ölkədir. Çox böyük tarixi ənənələrimiz vardır”.

İki ölkə arasında siyasi və iqtisadi münasibətlərin bugünkü yüksək səviyyəyə çatmasında xalqlar arasında tarixən mövcud olmuş qarşılıqlı etimad və mehriban qonşuluq əlaqələri mühüm rol oynamışdır. Son illərdə bu münasibətlərin daha da möhkəmlənməsi hər iki dövlətin gələcək inkişafı üçün etibarlı zəmin yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 6 aprel tarixində Gürcüstana rəsmi dövlət səfəri etmişdir. Səfər çərçivəsində Tbilisi şəhərində keçirilən görüşlər zamanı Prezident İlham Əliyev ilə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili arasında mühüm məsələlər müzakirə olunmuşdur.

Görüşlərdə əməkdaşlığın geniş spektri – siyasi dialoqdan tutmuş iqtisadiyyat, energetika, yaşıl enerji, nəqliyyat və investisiya sahələrinə qədər – əhatə olunmuşdur. Müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlər bu münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirir və yeni əməkdaşlıq perspektivləri açır.

Xüsusilə, birgə həyata keçirilən enerji və nəqliyyat layihələri regionun strateji əhəmiyyətini artıran əsas amillərdəndir. Bu layihələr yalnız iqtisadi deyil, eyni zamanda geosiyasi baxımdan Cənubi Qafqaz regionunun beynəlxalq mövqeyini gücləndirir.

Görüş zamanı regional sabitlik və təhlükəsizlik məsələləri də diqqət mərkəzində olmuşdur. Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması prosesi regionda davamlı sülhün təmin olunması baxımından əsas faktor kimi qiymətləndirilmişdir. Bu proses həm Azərbaycan, həm də Gürcüstan üçün strateji əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev mətbuata bəyanatı zamanı ikitərəfli münasibətlərin mahiyyətini belə ifadə etmişdir: “Bizim münasibətlər bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət və dostluq üzərində qurulubdur”.

Nəticə etibarilə, Azərbaycan–Gürcüstan münasibətləri regional sabitliyin təmin olunması, iqtisadi inkişafın sürətləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Bu əlaqələrin davamlı inkişafı regionun beynəlxalq sistemdə mövqeyini daha da möhkəmləndirir və tərəflərin qarşılıqlı maraqlarının təmininə xidmət edir.

İctimai fənlər kafedrasının baş müəllimi Türkan Əhmədova,
Azərbaycan Dövlət Aqrar Universiteti