31 Mart soyqırımı: tarixi həqiqətlər və milli yaddaş

1918-ci ilin mart ayının sonu və aprel ayının əvvəllərində Bakıda bolşevik və erməni-daşnak silahlı dəstələri tərəfindən yalnız türk-müsəlman olduqları üçün dinc azərbaycanlı əhaliyə qarşı dəhşətli qırğınlar törədilmişdir. Nəticədə minlərlə insan qətlə yetirilmiş, yaralanmış, təhqir və işgəncələrə məruz qalmışdır. Tarixə Mart soyqırımı kimi daxil olmuş bu faciə qısa müddətdə Bakı hüdudlarını aşaraq Şamaxı, Quba, Lənkəran və digər bölgələrdə də davam etmiş, yaşayış məntəqələrinin talan edilməsi, yandırılması və dinc əhalinin amansızcasına məhv edilməsi ilə nəticələnmişdir. Bu qırğınlar zamanı nə qocaya, nə cavana, nə də körpələrə aman verilmiş, insanların yalnız müsəlman və azərbaycanlı olmaları onların qətlə yetirilməsi üçün kifayət etmişdir.

Bu qırğınların əsas məqsədi sənaye mərkəzi olan Bakını erməni və rus qüvvələrinin nəzarətində saxlamaq, eyni zamanda zəngin neft ehtiyatlarını ələ keçirmək olmuşdur. Bakıdan başlayaraq Şamaxı və Qubaya qədər uzanan ərazilərdə törədilən qırğınlar planlı xarakter daşımışdır. Quba hadisələrinə rəhbərlik edən Amazasp açıq şəkildə bildirmişdir ki, məqsəd bölgədə bolşevik hakimiyyəti qurmaq və Şahdağdan Xəzər dənizinədək olan ərazilərdə yaşayan müsəlman əhalini məhv etməkdir.

Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Zəngəzurda və Qarabağda törədilmiş bu soyqırımların miqyası son dərəcə geniş və faciəvi olmuşdur. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən, təkcə Bakı şəhərində 12 minə yaxın türk-müsəlman qətlə yetirilmişdir. Şahid ifadələrinə görə, cinayətlərin izini itirmək məqsədilə meyitlər yandırılmış evlərə, dənizə və quyulara atılmışdır. Qubada 167 kənd dağıdılmış, Şamaxı şəhərində 8–10 min nəfər, 110 kənddə isə 10 341 nəfər öldürülmüşdür. Ümumilikdə Şamaxıda 18–20 min nəfərədək insan qətlə yetirilmişdir. Xarici mənbələrdə isə təkcə Bakıda 20–25 min nəfərin öldürüldüyü qeyd olunur.

Həmin dövrdə Bakı şəhərində təxminən 280–300 min nəfər əhali yaşayırdı ki, onların 80–100 min nəfəri azərbaycanlı idi. İngilis arxiv sənədlərində qeyd olunur ki, hadisələr zamanı şəhərin azərbaycanlı əhalisinin təxminən dörddə biri məhv edilmişdir. Ümumilikdə bu faciələr nəticəsində 50 minə yaxın azərbaycanlının həyatını itirdiyi ehtimal olunur.

Soyqırımı zamanı insanların yalnız həyatına deyil, həm də maddi və mənəvi dəyərlərinə ağır zərbələr vurulmuşdur. Daşnak-bolşevik dəstələri Bakıda əhalidən 400 milyon manat dəyərində əmlak müsadirə etmiş, dini abidələri və tarixi tikililəri dağıtmışdır. Təzəpir məscidi artilleriya atəşi ilə zədələnmiş, İsmailiyyə binası yandırılmışdır. Eyni zamanda “Kaspi” qəzetinin redaksiyası, “Dağıstan” və “İsgəndəriyyə” mehmanxanaları da talan edilərək məhv edilmişdir. “Kaspi” redaksiyasında saxlanılan, yeni çap olunmuş 5 min nüsxə Quran da yanaraq məhv olmuşdur.

Araşdırmalar göstərir ki, bu qırğınlarda yalnız silahlı dəstələr deyil, erməni cəmiyyətinin müxtəlif təbəqələrini təmsil edən şəxslər – mühəndislər, həkimlər, müəllimlər və digər ziyalılar da iştirak etmişdir. Bu faktlar həmin hadisələrin planlı və məqsədyönlü xarakter daşıdığını bir daha sübut edir.

1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu faciələrin araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılmışdır. Mart soyqırımına siyasi-hüquqi qiymətin verilməsi prosesi gücləndirilmişdir. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın tarixi həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə güclənən Azərbaycan Ordusu Vətən müharibəsi zamanı əldə etdiyi Qələbə ilə xalqımızın gücünü və iradəsini dünyaya nümayiş etdirmişdir. Bu Qələbə həm XX əsrin əvvəllərində soyqırıma məruz qalan azərbaycanlıların, həm də torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə verilən ən böyük dəyər kimi qiymətləndirilir.

Beləliklə, 31 Mart soyqırımı Azərbaycan xalqının yaddaşına həkk olunmuş faciəli tarix olmaqla yanaşı, milli birliyimizi və mübarizə əzmimizi gücləndirən mühüm tarixi dərsdir.

İctimai fənlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Çinarə Səfərova,
Azərbaycan Dövlət Aqrar Universiteti