TƏLƏBƏ EVLƏRİ

17 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gəncə şəhərinə səfəri çərçivəsində çoxsaylı obyektlərin, o cümlədən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birinci müasir tələbə evinin açılışında iştirak etmişdir. Kompleksin dörd korpusu yeddi­mərtəbəli, bir korpusu isə altımərtəbəli binalardan ibarətdir. Əsas korpusun foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdikləri qayğını, həmçi­nin Gəncəyə səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Binada qeydiyyat şöbəsi, zəngin kitabxana, stomatoloji kabinet, müayinə otağı, fotoatelye fəaliyyət göstərir. Binalarda akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri də var. Yataqxanadakı 257 otağın 251-i iki­nəfərlik, altısı isə üçnəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və mətbəx var. 

 10 noyabr 2017-ci il tarixində Prezident İlham Əliyev  universitetin tələbələri üçün yeni inşa edilmiş ikinci 514 yerlik ikinci tələbə evinin açılışında iştirak edib. 2015-ci ildə 514 yerlik daha bir yataqxana kompleksinin tikintisinə başlanıb və burada inşaat işləri 2017-ci ilin oktyabrında tam başa çatdırılıb. Ümumi ərazisi 13 640 kvadratmetr olan kompleks dördü 7 mərtəbəli və biri 6 mərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Kompleksdəki 257 otağın hamısı zəruri mebel və inventarla təchiz edilib. Hər mərtəbədə istirahət guşələri və mətbəx yaradılıb. Burada qeydiyyat şöbəsi, 120 nəfərlik akt və fitnes zalları, kafe, məişət və ticarət xidməti obyektləri, kitabxana, müayinə otağı və stomatoloji kabinet, valideynlərlə görüş otağı yaradılıb. Yataqxananın su, elektrik, istilik və rabitə xətləri ilə təmin edilməsi üçün fərdi qazanxana, hovuz, nasosxana və transformator yarımstansiyası inşa olunub. Kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb.