20 yanvar faciəsinin 29-cu ildönümünün qeyd edilməsi barədə

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilmişdir. Sərəncamda respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, diaspor qurumları və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində  20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.

Sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulur.

20 yanvar faciəsinin 29-cu ildönümünün universitetdə qeyd edilməsi məqsədilə

ƏMR EDİRƏM:

20 yanvar - Ümumxalq hüzn gününün qeyd edilməsi ilə bağlı 2019-cu il yanvarın 18-də inzibati binada geniş tərkibdə iclas keçirilsin.

Fakültə dekanlarına tapşırılsın ki, ictimai təşkilatlarla birlikdə fakültələrdə  2019-cu il yanvarın 18-də 20 yanvar faciəsinə həsr olunmuş geniş tərkibdə iclaslar keçirilsin.

Əmr “Aqrar mütəxəssis” qəzetində dərc edilsin.

“20 yanvar”  Ümumxalq hüzn günü ilə bağlı keçirilmiş tədbirlər ADAU-nun www.adau.edu.az  saytında  yerləşdirilsin.

Ümumi şöbə (S.Məmmədova) əmrin çoxaldılıb aidiyyəti struktur bölmələrə çatdırılmasını təmin etsin.

Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor  A.Qasımovaya həvalə  edilsin.