AQRAR UNİVERSİTETDƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI MÜBARİZƏ MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı tərəfindən icra olunan "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətliliyinin Gücləndirilməsi" Layihəsi (KTRQGL) çərçivəsində bitki sağlamlığı və fitosanitariya sisteminin təkmilləşdirilməsi sub-komponenti üzrə “Zərərverən orqanizmlərə qarşı inteqrə olunmuş mübarizə tədbirləri” (ZQİMT) mövzusunda fermerlər üçün təlimlərin keçirilməsinə Azərbaycan Dövlət Aqrar Universitetindən başlanılıb. 
Dəyirmi masanın keçirilməsində əsas məqsəd təlimlərin səmərəli təşkili, ölkə üzrə bu sahədə fəaliyyət göstərən müvafiq qurumların və mütəxəssislərin potensialından tam faydalanmaqdır. 
Dəyirmi masada Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kreditlərin və Layihələrin İdarə Olunması üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarət Xidmətinin (DFNX), Bitki Mühafizə və Texniki Bitkilər üzrə Elmi Tədqiqat institutu (BMTBETİ), Elmi-Tədqiqat Əkinçilik, Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq, Elmi Tədqiqat Tərəvəzçilik institutlarının əməkdaşları, eləcə də bu istiqamətdə çalışan mütəxəssislər iştirak edib.
ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov açılış nitqində zərər verən orqanizmlərə qarşı inteqrə olunmuş idarəetmə üsullarının mahiyyəti və əhəmiyyəti haqqında danışıb. DFNX-nin rəisi Camal Quluyev isə respublikada fitosanitar vəziyyət haqqında məlumat verib, qarşıda duran məsələlərdən söz açıb. Layihə direktoru Anar Əzimov və bitki sağlamlığı üzrə mütəxəssis Cəfər Məhərrəmov layihənin məqsədini açıqlayıb, görüləcək tədbirlərdən danışıb.
Dəyirmi masa işini qarşılıqlı fikir mübadilələri və müzakirələrlə davam etdirib.