Yüksək bal toplayan və ADAU-nu seçən 82 tələbəyə əlavə təqaüd veriləcək

17 sentyabr 2018-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) qeyd olunan “Bilik günü” yüksək balla bu ali təhsil müəssisəsinə qəbul olan tələbələr üçün ikiqat bayram kimi yadda qalıb. Kənd Təsərrüfatı naziri İnam Kərimovun, Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramovun və digər qonaqların iştirak etdiyi tədbirdə hər fakültə üzrə ən yüksək bal toplayan tələbələrin mükafatlandırılması ilə yanaşı ümumilikdə qəbul imtahanlarında yüksək bal toplayan 82 tələbə ilədə  görüş keçirilib. 

Görüşdə kənd təsərrüfatı ixtisasları üzrə 500-dən çox bal toplayan tələbələrin hər birinə ayda 200 manat, 400-499 bal toplayan tələbələrə 100 manat məbləğində əlavə təqaüdün verilməsi elan edilib. Bu, ümumilikdə 44 tələbəni əhatə edib. Qeyri-kənd təsərrüfatı ixtisasları üzrə qəbul imtahanlarında yüksək bal toplayan tələbələr də yaddan çıxmayıb. Tələbələrlə təşkil olan görüşdə qeyd edilib ki, müvafiq ixtisaslar üzrə 500-dən çox bal toplayan tələbələrə ayda120 manat, 400-499 bal toplayanlara 80 manat məbləğində əlavə təqaüd veriləcək.

Beləliklə, dövlət Başçısının aqrar sahəyə və aqrar təhsilə diqqət və qayğısı nəticəsində universitetə yüksək balla qəbul olan 82 tələbə hər ay əlavə təqaüdlə təmin olunacaq.

Ümumiyyətlə, cari tədris ilində bu kimi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi  ADAU-ya qəbul olan tələbələrin sayını da artırıb,  qəbul ballarını da. Qeyd etmək lazımdır ki, cari tədris ilində kənd təsərrüfatı ixtisasları üzrə minimum keçid balının 150 olmasına baxmayaraq, faktiki keçid balı əksər ixtisaslarda  200-dən çox olub.  Bu göstərici “meliorasiya və su təsərrüfatı tikintisi” ixtisasında 296 (əvvəlki tədris ilində 294) bal, “torpaqşünaslıq və aqrokimya”da 267 (254), “aqronomluq”da 247 (236), “zootexniklik”də 211 (201), “aqromühəndislik”də  248 (238), “meşəçilik”də 212 (206), “şərabçılıq”da 213 , “ekologiya”da 257 (176),  “baytarlıq”da 211 (167), “əczaçılıq”da 301 (182) bal təşkil edib.