Yay imtahan sessiyası ilə bağlı mediatur keçirilib

         Azərbaycan Dövlət Aqrar Universitetində də bakalavriat səviyyəsinin  birinci, ikinci və üçüncü (baytarlıq ixtisasının dördüncü), magistratura səviyyəsinin birinci kurslarında 2016/2017-ci tədris ilinin yaz semestrinin imtahanları iyunun 1-də başlayıb.

          ADAU-nunun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun əmrinə əsasən sessiyanın şəffaf və obyektiv keçirilməsi məqsədi ilə işçi və kodlaşdırma qrupları, apellyasiya komissiyası yaradılıb, müvafiq qurum rəhbərlərinə konkret tapşırıqlar verilib. Bundan əlavə bütün fakültələr üzrə imtahanların təşkili və onlara nəzarət üçün xüsusi komissiyalar yaradılıb. Əvvəlki illərdən fərqli olaraq bu sessiyada imtahanların qəbulu üzrə ictimai - nəzarət qrupu təşkil edilib, qrupun tərkibinə ictimai təşkilatların rəhbərləri, Mərkəzi mətbuatın nümayəndəsi qismində “Xalq qəzeti”, “Azərbaycan” , “Respublika” qəzetlərinin bölgə müxbirləri, “Gəncənin səsi” və “Novosti Qyandji” qəzetlərinin baş redaktorları  və valideynlər salınıb.

      Tələbələrin arzularını və əvvəlki sessiyaların müsbət nəticələrini nəzərə alaraq imtahanların test üsulu ilə  kompyuterlərlə yanaşı, şifahi və yazılı formalarda keçirilməsi qərara alınıb. Bu sessiyada  imtahan verəcək tələbələrin 62 faizi testlə,  19 faizi yazılı, 19 faizi şifahi formada öz biliklərini nümayiş etdirəcək.

       Xatırladaq ki, bir neçə gün öncə rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun sədrliyi ilə ictimai nəzarət qrupunun toplantısı keçirilib, toplantıda sessiyanın şəffaf və yüksək nəticələrlə başa çatmasına əminlik ifadə edilib.