Universitetdə Valideyn Şurası yaradıldı

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin ayrı-ayrı ixtsaslarında oxuyan tələbələrin valideynləri ilə görüşüb.

 Rekor bildirib ki, bu gün valideyn universitet münasibətinin yaranması və birgə fəaliyyət  ilk olaraq cəmiyyət üçün gərəkli gəncliyin yetişdirilməsini təmin edəcək, günün təlabatına uyğun kadr hazırlığına kömək olacaq.  Hazırda ADAU-da çox sayda  perspektivli gənclər var. Onlar burada özlərini bir ailənin üzvü kimi hiss edirlər.  Tələbələrlə mütəmadi görüşlərin keçirildiyini deyən rektor İ. Cəfərov valideynlərlə də səmimi və faydalı münasibətlərin qurulması üçün bütün səylərin göstəriləcəyini  dilə gətirib. O, Valideyn Şurasının yaradılmasına ciddi yanaşıldığını deyib və valideynlərin tədrisin təşkili prosesində daim dəstək göstərməsinə  ehtiyac olduğunu söyləyib.

Bütün bunlarla yanaşı rektor Universitetin maddi-texniki bazası, təhsil və sosial şərait barədə də ətraflı məlumat verib və təhsil müəssisəsinə Dövlət qayğısından danışıb.

Çıxış edən valideynlər, müəllim və dekanlar bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb, yaradılan Valideyn Şurasının fəaliyyəti barədə təkliflərini söyləyiblər. Valideynlər isə  öz növbəsində övladlarının ADAU-da təhsil almaları ilə qürur duyduqlarını və çox məmnun olduqlarını diqqətə çatdırıblar. Keyfiyyətli tədris, şəffaflıq, tələbələrə qarşı qayğıkeş münasibətdən razılıqlarını ifadə ediblər.

Sonda tədris işləri üzrə prorektor Anar Hətəmov 11 nəfərdən ibarət Valideyn Şurasının üzvlərini toplantı iştirakçılarına təqdim edib. Toplantıdan sonra şura üzvləri sədr seçiblər.