Samux məktəbliləri ADAU ilə tanış olub

Orta məktəb şagirdlərinin aqrar təhsilə marağının artırılmasında onlara Azərbaycan Dövlət Aqrar Universitetində təhsil almaq imkanlarının, o cümlədən tədrisin maddi-texniki bazasının, tələbə həyatının və digər zəruri təsisatların nümayiş etdiriməsinin əhəmiyyəti böyükdür və artıq bu cür tanışlıq təhsil müəssisəsində ənənəyə çevrilib.

Bu məqsədlə Gəncə şəhəri və ətraf rayonların yuxarı sinif şagirdlərinin müəyyən edilən qrafik əsasında universitetə ekskursiyalarının təşkilinə başlanılıb. Universitetin bu günkü qonağı Samux rayon İnstitut qəsəbəsi tam orta məktəbin 8, 9, 10 və 11-ci sinif şagirdləri olub. Təhsil müəssisəsinin yeni tələbə evləri, tələbə kafesi, tədris korpusları, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirmə mərkəzi, istixanalar, açıq və qapalı balıqyetişdirmə laboratoriyası, baytarlıq kilinikası, maşın-traktor parkı, pataloji anatomiya muzeyi, anatomiya muzeyi, heyvandarlıq ferması, əsaslı və elektron kitabxana, idman zalları və digər sahələr şagirdlərdə böyük maraq yaradıb.