Rektorun imtahan sessiyası ilə bağlı müraciəti

Əziz tələbələr, hörmətli müəllimlər, valideynlər, KİV nümayəndələri, bildiyiniz kimi 29 dekabr 2018-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası başlayır və bu sessiya 01 fevral 2019-cu ilədək davam edəcəkdir. Məlumat üçün bildirirəm ki, hər il olduğu kimi bu il də universitetdə imtahanların şəffaf, obyektiv, ədalətli keçirilməsi üçün bütün təşkilati işlər görülmüşdür. Universitetdə ölkənin KİV nümayəndələri də daxil olmaqla İctimai Nəzarət, Valideyn və İmtahanlara Tələbə Nəzarət Şuraları yaradılmış, müvafiq əmrlə appelyasiya komissiyası rəsmiləşdirilmişdir. İmtahanqabağı bütün fakültələrdə tələbələrlə görüşlər keçirilmiş, onların imtahan qayğıları, bu məsələ ilə bağlı qaldırdıqları problemlər dərhal həllini tapmışdır. İmtahanlar Boloniya prosesinin tələblərinə uyğun olaraq yazılı, şifahi və test üsulu ilə keçiriləcəkdir.İmtahan cədvəlləri bir ay əvvəl tərtib olunmuş, təsdiq edilmiş və tələbələrə çatdırılmışdır. Tədris prosesində imtahan məsuliyyətli və şərəfli olmaqla yanaşı, onun şəffaflığı eyni zamanda imtahan verənlərin hazırlıq səviyyəsindən və imtahan götürənlərin biliyi düzgün qiymətləndirməsindən keçir. İmtahan prosesi ilə bağlı bizim ictimaiyyətdən gizlədiləsi bir şeyimiz yoxdur. Biz bütün maraqlı tərəfləri imtahan prosesini fəal izləməyə dəvət edirik.
Əziz tələbə, Sizlərin nəzərinə çatdırmaq istəyirəm ki, imtahan prosesində Sizlər tək deyilsiniz, mən aqrar universitetinin rektoru olaraq hər dəqiqə, hər an yanınızdayam. Sizlərin qaldırdıqları istənilən ədalətli problem dərhal həllini tapacaqdır. Biz universitet olaraq Azərbaycan dövləti qarşısında məsuliyyətimizi anlayırıq və Sizlərin bazar rəqabətli, innovativ düşüncəli gənclər kimi yetişməyiniz üçün əlimizdən gələn hər şeyi edəcəyik.