Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoruna Qazaxıstan Milli Aqrar Universitetinin Fəxri Professoru adı verilmişdir

     

 2016-cı il iyun ayının 22-23 tarixlərində Qazaxıstan Milli Aqrar Universitetində MDB ölkələri aparıcı ali aqrar təhsil müəssisələri Rektorları Şurasının növbəti iclası keçirilir. Şuranın işində 10 ölkədən 30 ali məktəb rektorları, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin, Milli Aqrar Elm-Təhsil Mərkəzinin nümayəndələri, Qazaxıstanın aparıcı ali aqrar təhsil müəssisələrinin rektorları, Kənd Təsərrüfatı Nazirliyi tabeliyindəki Elmi-Tədqiqat İnstitutlarının direktorları, təcrübə-sınaq təsərrüfatlarının, biliyin yayılması mərkəzlərinin rəhbərləri və kəndli sahibkarları iştirak etmişlər.

       Qazaxıstan Milli Aqrar Universitetinin Elmi Şurasının 2016-cı il 29 mart tarixli (8 nömrəli protokol) qərarı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU)  rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Həsən oğlu Cəfərov Fəxri Professor adına layiq görülmüş və ona iyunun 22-də Rektorlar Şurasının geniş iclasında diplom tədqim olunmuşdur.

      Əlamətdar hadisə kimi qeyd edilməlidir ki, MDB ölkələri aparıcı ali aqrar təhsil müəssisələri Rektorları Şurasının yaradılmasının 10 illiyinə həsr olunmuş iclası Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2013-cü il aprelin 17-20 tarixlərində  keçirilmişdir.

    Son illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU)  beynəlxalq əlaqələri xeyli yaxşılaşmış, dünyanın müxtəlif ali təhsil müəssisələri ilə tədris və elm sahəsində əməkdaşlıq müqavilələri bağlanmış, həmin ali məktəblərlə tələbə-müəllim mübadiləsi genişlənmişdir. Universitetin reytinqinin daha da yüksəldilməsi, ikili diplomların verilməsi istiqamətində tədbirlər həyata keçirilir.

       Bu gün Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) respublikanın ali təhsil müəssisələri sırasında öncül yerlərdən birini tutur.