Kənd Təsərrüfati Naziri xaricdə təhsil alan tələbələrlə görüşüb

Kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycan Dövlət Aqrar Universitetinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində, eyni zamanda Universitetin dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən aqrar universitetləri ilə qurduğu səmərəli əməkdaşlıq əlaqələri vasitəsilə xaricdə təhsil almış tələbələrlə görüşüb. 

Görüşdə qeyd edilib ki, son illər ali təhsilin bakalavr, magistr və fəlsəfə doktoru pillələri üzrə dünyanın bir sıra qabaqcıl universitet- lərində təhsillərini davam etdirmiş tələbələr əsasən molekulyar biologiya, genetika, DNT klonlaşdırma, torpaqların GİS texnologiyası vasitəsilə tədqiqatı, torpaqın informasiya bazası, torpaqların məsafədən öyrənilməsi, suvarma əkinçiliyi, baytarlıq, biotexnologiya, kənd təsərrüfatı sahəsi üzrə Biznesin təşkili və idarə edilməsi, aqrar menecment, kənd təsərrüfatının iqtisadiyyatı, dünya İqtisadiyyatı, aqrobiznes, beynəlxalq biznes və s. istiqamətlər üzrə hazırlıq keçiblər. Son 4-5 il ərzində ADAU 50-dən artıq tələbəsinə xaricdə təhsil almaq imkanı verib.

Görüşdə nazir ölkəmizdə rəqabət qabiliyyətli kənd təsərrüfatının inkişafı üçün beynəlxalq təcrübələrin öyrənilməsi ilə yanaşı, müasir tələblərə cavab verən, texnologiyalara yiyələnmiş kadrların yetişdirilməsinə də ehtiyac duyulduğunu bildirib.

Xaricdə təhsil alan tələbə və məzunların fəaliyyəti ilə maraqlanan nazir Heydər Əsədov onların potensiallarının düzgün qiymətləndirilərək, nazirliyin və kənd təsərrüfatı müəssisələrinin fəaliyyətinə cəlb edilməsinin vacibliyini vurğulayıb. 

  

 

Mənbə:  http://agro.gov.az/456-knd-tsrrfati-nazr-xarcd-thsl-alan-tlblrl-grb.html