Görkəmli bioloq alim Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Siddiqə Rza qızı Məmmədova 2017-ci il avqustun 5-də ömrünün 93-cü ilində vəfat etmişdir.

Akademiklə vida mərasimi Azərbaycan Dovlət Aqrar Universitetində keçirilib. Mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, şəhər ictimaiyyəti və mərhumun ailəsi iştirak edib.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov qeyd edib ki, Akademik S.R.Məmmədova bitki mühafizəsi, o cümlədən, entomologiya sahəsində hərtərəfli biliyə malik olan alimdir. 

AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev deyib ki, Siddiqə Məmmədovanın vəfatı Azərbaycanın elmi ictimaiyyəti üçün ağır itkidir.

Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov qeyd edib ki, Akademik S.R. Məmmədova Azərbaycanda və xaricdə tanınmış alimdir. Bitki mühafizəsi sahəsindəki apardığı elmi işlərə görə, bitki mühafizəsi üzrə keçirilmiş VII Beynəlxalq konqresin böyük medalı və diplomu ilə təltif olunmuşdur. Entomoloqların Ümumittifaq, eləcə də Zaqafqaziya qurultaylarının dəfələrlə iştirakçısı olub.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, yüksək ixtisaslı kadrların hazırlanması alimin daim diqqət mərkəzində olub. Onun rəhbərliyi ilə institutda 5 elmlər doktoru və 70-dən çox elmlər namizədi hazırlanmışdır. 2 Elmlər doktoru və 15 elmlər namizədinin rəhbəri şəxsən özü olmuşdur.Hökumət alimin kənd təsərrüfat elmi qarşısındakı xidmətlərini layiqincə qiymətləndir-mişdir. Belə ki, 1967-ci ildə “Şərəf Nişanı”, 2 dəfə (1971,1978) “Qırmızı Əmək Bayrağı”, 2000-ci ildə müstəqil dövlətimizin “Şöhrət Orden”ləri ilə, 1967-ci ildə “Əməkdə İgidliyə Görə”, 1982-ci ildə “Əmək Veteranı” medalları ilə təltif olunmuşdur.

Sonra mərhumun ruhuna dualar oxunub və son mənzilə yola salınıb.

Qeyd edək ki,  Siddiqə Məmmədova 1925-ci il mart ayının 8-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhriyar kəndində anadan olub və orda natamam orta məktəbi bitirmişdir.

1940-cı ildə Gəncə şəhərində Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1943-cü ildə texnikumu bitirmişdir.

1943-1947-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində oxumuş və təhsildə göstərdiyi nəticəyə görə Stalin adına təqaüd almış, institutu fərqlənmə diplomu ilə bitirmişdir.

1948-ci ildə AKTİ-də entomologiya ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra 1952-ci ildə “Azərbaycanda toxumluq yoncanın zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda dissertasiya işini müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır.

1952-ci ildən 1963-cü ilə qədər AKTİ-də assistent, dosent vəzifələrində, o cümlədən fakültə partiya təşkilatının katibi işləmişdir.

1963-cü ildən Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun direktoru təyin edilmişdir.

1971-ci ildə “Azərbaycanda çay və sitrus bitkilərinin zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusu üzrə doktorluq işi aparmış. müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 1973-cü ildən isə ona professor, 1981-ci ildən “Əməkdar Elm Xadimi” adı verilmişdir. 1983-cü ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvi seçilmiş və 2001-ci il iyun ayının 29-da Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvi seçilmişdir. Hal-hazırda AMEA-nın Biologiya bölməsi üzrə yaradılan Koordinasiya şurasının Bitkiçilik və Bitki mühafizə üzrə sədridir.

Uzun müddət “Bilik” cəmiyyəti Gəncə şəhər şurasına sədrlik etmişdir. Ümumittifaq “Bilik” cəmiyyəti yaranmasının 30 illiyi və respublikamızda elmi biliklərin inkişafında xidmətlərinə görə 1977-ci ildə ümumittifaq “Bilik” cəmiyyətinin təşəkkürnaməsi və ordeni ilə, 1980-ci ildə isə “Fəal işə görə döş nişanı” ilə təltif edilmişdir.

1948-ci ildən demək olar ki, bütün çağrışlar üzrə şəhər soveti deputatı seçilmişdir.

1985-ci ildə II çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.

S.R.Məmmədova Yeni Azərbaycan Partiyasının Gəncə şəhər idarə heyətinin üzvüdür, YAP-ın bütün qurultay və konfranslarına nümayəndə seçilmiş, I və II Azərbaycan qadınlar qurultayının iştirakçısı olmuşdur.

2008-ci ildən Azərbaycan Aqrar Universitetində doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşmış müdafiə şurasının sədridir.

Ailəlidir, iki oğul və bir qız anasıdır.

5 mart 2010-cu il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetində görkəmli alim və pedaqoq, Respublikanın Əməkdar Elm Xadimi, AMEA-nın həqiqi üzvü, Akademik SİDDİQƏ RZA qızı MƏMMƏDOVANIN yubiley gecəsi keçirilmişdir.

5 avqust 2017-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir. Siddiqə Məmmədovanın vəfatı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nekroloq imzalamışdır.

 

 

http://ganjanews.az/2017/08/06/c%C9%99miyy%C9%99t/g%C3%B6rk%C9%99mli-bioloq-alim-siddiq%C9%99-m%C9%99mm%C9%99dova-il%C9%99-vida-m%C9%99rasimi-ke%C3%A7irilib.html