Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Gəncəyə səfər edib

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon Gəncədə Azərbaycan Xalq Cumhuriyyətinin muzeyini ziyarət edib. Dünya Bankı rəsmisinə hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin yerləşdiyi bu binanın müstəqil Azərbaycan dövlətinin ilk hökumət binası olduğu bildirilib. Xanım Mersi Tembonun Gəncəyə səfəri Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən Azərbaycanın Dünya Bankında üzvlüyünün 25 illiyi və ölkənin kənd təsərrüfatının inkişafı sahəsində fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş tutub. Azərbaycanın qürurverici tarixə malik olduğunu bildirən xanım Tembon qeyd edib ki, ölkəmizin müstəqilliyinin bərpasından sonra Dünya Bankı daim öz dəstəyi ilə Azərbaycanın yanında olub və hal-hazırda iqtisadiyyatın bütün sahələrində inkişafa dəstəklə bu yaxınlığı nümayiş etdirir.

“Bu gün Azərbaycanın qərb bölgəsinin mərkəzi, qədim Gəncə şəhərində olmaqdan məmnunluq duyuram. Şadam ki, 25 illik etimada əsaslanan əməkdaşlığımız müddətində Dünya Bankı Azərbaycanın inkişafına töhfə verib. Mən kənd təsərrüfatının  və kənd yerlərinin inkişafı sahəsində əməkdaşlığımızı xüsusilə qeyd etmək istərdim. Əminəm ki, birgə işimiz Azərbaycanın bütün bölgələrinin dayanıqlı və tarazlı tərəqqisinə gələcəkdə də kömək edəcək” – xanım Tembon deyib.

Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov qonaqları Azərbaycan tarixində belə dəyərli iz qoymuş məkanda salamlamaqdan qürur duyduğunu bildirib. Nazir müavini qeyd edib ki, Dünya Bankı Azərbaycan Hökumətinin ən etibarlı və mühüm tərəfdaşlarından biridir. Dünya Bankının dəstəyi ilə həyata keçirilən mühüm layihələrdən bir neçəsinin Kənd Təsərrüfatı Nazirliyinin payına düşdüyünü vurğulayan Seyfəddin Talıbov hazırda davam edən Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi və  İkinci Kənd İnvestisiya Layihəsinin adını çəkib. Tədbirin ADAU-da keçirilməsinə diqqəti çəkən dövlət rəsmisi gələcəyin aqrar mütəxəssislərinin Azərbaycan hökumətinin və Dünya Bankının ölkədə həyata keçirdikləri layihələrdən xəbərdar olmaqlarının vacibliyini bildirib. Nazir müavini Dünya Bankının layihələrdə kadr hazırlığına xüsusi diqqət verdiyini əlavə edib. Xüsusilə, Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin iştirakının, heyvan sağlamlığı və baytarlıq təbabəti ixtisası üzrə təcrübi fəaliyyətlərə cəlb edilmələrinin, bitki mühafizəsi ixtisası üzrə kurrikulum hazırlanmasının, elmi-tədqiqatlarla məşğul olan gənc kadrların xaricdə və ölkəmizdə müxtəlif proqramlarda iştirakının gələcəyin aqrar mütəxəssis potensialının gücləndirilməsinə töhfə olduğunu vurğulayıb.

Tədbirdə Dünya Bankı ilə birgə həyata keçirilən Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində yerli şitil, yerli tərəvəz toxumu və yerli kişmiş istehsalı dəyər zənciri sub-layihələri qrant almış Samux və Şəmkir fermer-sahibkarları ilk dəfə olaraq, öz layihələrini ictimaiyyətə təqdim ediblər.

Tədbirdən sonra Dünya Bankı nümayəndələri ADAU yataqxanasındakı şəraitlə və universitetdə yeni tikilmiş müasir tipli tədris-təcrübə ferma kompleksi ilə tanış olublar.