Çexiya respublikasının Kənd Təsərrüfatı nazirinin müavini və nümayəndə heyəti ADAU-da olub

Çexiya Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini Pavel Veselinin  rəhbərliyi ilə aqrar sahədə fəaliyyət göstərən şirkətlərin rəhbərlərindən ibarət nümayəndə heyəti və Çexiya Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Milan Ekert Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində olub.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov  ölkədə kənd təsərrüfatının mövcud vəziyyəti, imkanlar və perspektivlər,  ölkə rəhbərliyinin aqrar sahəyə olan qayğısı haqqında qonaqlara ətraflı məlumat verib. Həmçinin rektor görüşdə aqrar təhsilə dövlət dəstəyi, son illərdə universitetin maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulması, ən müasir  avadanlıqlarla təchiz edilən  yeni laboratoriyalar, tələbələrə verilən güzəştlər, ən müasir tələbə yataqxanalarının tikilib istifadəyə verilməsi barədə də danışıb. Rektor ADAU-nun Avropa universitetləri ilə aqrar sahədə olan əlaqələrini qeyd edib və Çexiya universitetləri ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Çexiya Kənd Təsərrüfatı nazirinin müavini Pavel Veselin öz növbəsində səmimi qəbula görə rektor İbrahim Cəfərova minnətdarlığını bildirib.  Nazir müavini öz çıxışında Çexiyanın kənd təsərrüfatının mövcud vəziyyəti haqqında geniş məlumat verib, qlobal iqlim dəyişikli ilə əlaqədar kənd təsərrüfatının getdikcə daha da əhəmiyyət kəsb edəcəyini bildirib.

Pavel Veselinin görüşdən məmun qaldığını və ADAU-nun Çexiya Respublikasının Aqrar universitetləri ilə təhsil və elm sahəsində  əlaqələrinin genişləndirilməsi istiqamətində müvafiq dəstək göstərəcəyini bildirib.

Görüşdən sonra qonaqlar ADAU-nun təhsil şəraiti, texniki bazası ilə yaxından tanış olub.