Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri çəkilən zəhmətin qiymətini alıb

 Azərbaycan Dövlət Aqrar Universitetində rektorluğun növbəti iclası keçirilmişdir.Iclasda universitetin həyatı ilə bağlı bir çox məsələlər müzakirə olunmuşdur. Rektor , AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək göstərmişdir ki, ölkəmizdə qeyri-neft sektoru olaraq aqrar sahənin inkişafına dövlət tərəfindən daim diqqət və qayğı göstərilir. Son illər bu qayğı nəticəsində universitetin maddi-texniki bazası əsaslı surətdə gücləndirilmiş, bütün tədris korpusları təmir olunmuş, 7 mərtəbəli 514 nəfərlik tələbə evi istifadəyə verilmişdir. Eyni layihə üzrə ikinci tələbə evinin də tikintisi başa çatmaq üzrədir. Universitetin professor-müəllim heyəti aqrar sahə üzrə kadr çatışmazlığını doldurmaq üçün bu gün tədrisin ən müasir formalarından istifadə edir və dövlət qarşısında öz məsuliyyətini başa düşür. Son iki ildə universitetin 4 müəllimi, Azad İbrahimov, Elxan Məmmədov, Məhərrəm İsmayılov və Hüseyin İdrisov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Əməkdar Müəllim” fəxri adına layiq görülmüşlər. Universitetin rektoru İbrahim Cəfərov isə Azərbaycan Respublikası Presidentinin 2016-cı il 7 noyabr tarixli 2416 nömrəli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. İclasda çıxış edən əməkdaşlar bununla əlaqədər cənab Prezidentə təşəkkür edərək, daim ölkə rəhbərinin yanında olduğunu bildirmişlər.