Azərbaycan Dövlət Aqrar Universitetində məktəblilər üçün 1-ci “Aqro düşərgə” keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” Proqramı çərçivəsində və “Kənd təsərrüfatı ili”-nin uğurla davam etdirilməsi məqsədilə Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində məktəblilər üçün 31 iyul – 07 avqust 2016-cı il tarixində 1-ci “Aqro düşərgə”  təşkil edilmişdir.

Düşərgənin əsas məqsədi aqrar sahənin perspektiv istiqamətləri haqqında  məktəblilərin bilik və bacarıqlarının artırılması, aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz məhsulun yetişdirilməsinin vacibliyini təbliğ etməkdən ibarət olmuşdur.

“Aqro düşərgə”-nin 50 nəfər iştirakçısı Bakı şəhərinin müxtəlif məktəblərində yaradılmış “Ekoklublar”-ın fəal üzvlərindən seçilmişdir.

“Aqro düşərgə”-nin rəsmi açılışında məktəblilərin qarşısında Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tədris işləri üzrə prorektoru Anar Hətəmov, elmi işlər üzrə prorektoru Nizami Seyidəliyev, aqronomluq fakultəsinin dekanı Məhərrəm İsmayılov və Azərbaycan Respublikası Təhsi Nazirliyi Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultan-zadə çıxış edərək ölkəmizdə aqrar sektorun inkişafının və gənc nəslin bu istiqamətə yönləndiriləsinin vacibliyi haqqında geniş fikirlər söyləyiblər.

”Aqro düşərgə”-nin təşkil olunmasında praktik məşğələlər üçün Universitetin "Zoobaytarlıq və Əmtəəşünaşlıq", "Aqronomluq" fakultələrindən və Yardımçı Təcrübə Təsərrüfatının bazasından istifadə olunmuşdur. Burada məktəblilərə heyvanların yetişdirilməsi, eksteryer bədən ölçülərinin öyrənilməsi, yemləndirilməsi, yoluxmayan daxili xəstəlikləri, baytarlıq cərrahiyyəsi haqqında nəzəri və praktik biliklər verilmiş, eləcə də, anatomiya, patoloji anatomiya muzeylərinə, akvarium və vivariuma baxış keçirilmişdir. Laborator təcrübələrdə torpağın qiymətləndirilməsi, heyvandarlıq məhsullarının ekspertizası, qida məhsullarının istehsalı texnologiyaları azərbaycan və rus bölmələrinin şagirdləri ilə birgə interaktiv qruplar şəklində öyrənilmişdir. Proqramın həyata keçirilməsində Azərbaycan Dövlət Aqrar Universitetinin  professor-müəllim heyətidən Telman İsgəndərov və Könül Quliyeva (Baytarlıq), Urfan Turabov və Vüsal Mirzəyev (Heyvandarlıq və balıq məhsullarının istehsalı texnologiyası), Məhərrəm İsmayılov və Qurban Məmmədov (Bitkiçilik), Zaur Həsənov və Hüseyn İdrisov (Meyvəçilik və Bağçılıq), Zakir İbrahimov (Meşəçilik), Arif Hüseynov (Torpaqşünaslıq və Aqrokimya), Mehriban Aslanova (Qida məhsullarının istehsalı texnologiyası), Aidə Əsgərova (Qida məhsullarının ekspertizası) fəal iştirak etmişdilər.

“Aqro düşərgə” müddətində məktəblilər kənd təsərrüfatı məhsullarının istehsalı texnologiyaları ilə "AzAgro" MMC-nin Gülçülük və Tərəvəzçilik təsərrüfatlarında qızılgülün və tərəvəz bitkilərinin yetişdirilməsi, "Gəncə Şərab-2" MMC-də müxtəlif sort üzüm bitkilərinin becərilməsi və şərab emalı, "Neon" firmasında un məmulatlarının hazırlanması proseslərində bilavasitə iştirak etmişdilər.

Eyni zamanda, düşərgə üzvləri Nizami Gəncəvi məqbərəsinə və bir çox muzey komplekslərinə səfər edərək Gəncənin tarixi-mədəni irsi ilə yaxından tanış olmuş, Şəmkir rayonunda yerləşən “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində asudə vaxtlarından səmərəli istifadə etmişdilər.

“Göygöl Milli Parkı”-na səyahət edərək gənc ekoloqlar Göygöl – Maralgöl marşurutu üzrə piyada yürüş həyata keçiriblər.

“Aqro düşərgə”-nin sonunda bütün iştirakçılar diplomlarla təltif olunublar.