Azərbaycan Dövlət Aqrar Universiteti Azərsunla əməkdaşliği davam etdirir

Azərbaycan Dövlət Aqrar Universitetinin  kənd təsərrüfatı yönümlü müxtəlif şirkətlərlə əlaqəsi ilbəil yaxşılışır. Bu isə ilk növbədə tərəflərin bir-birini yaxından tanımasını təmin edir və şirkət indidən gələcək kadrlarını müəyyənləşdirir.

ADAU-nun mətbuat xidmətindən bildirilir ki, universitetin Aqranomluq fakültəsinin bu dəfəki qonağı  Azərsun Holdingin nəzdində olan  Greentech MMC-nin nümayəndələri  Rasif Əkbərov  və  Mustafa Kırçan olub.  Fakültənin professor-müəllim, bakalavr, magistr, doktorant, eləcə də əvvəlki illərin məzunları ilə görüşən şirkət nümayəndələrinə aparılan işlərdən məlumat verilib.  Şirkət nümayəndələri isə öz növbəsində hazırda fakültənin onlarda işləyən 15 nəfər məzununun iş qabiliyyətindən razılığını bildirib, onların gördüyü işlərdən danışıblar. Qeyd edilib ki, şirkətdə aparıcı mütəxəssislərin hamısı aqronomluq fakültəsini bitirən tələbələrdir.  

Görüşdə sual-cavab aparılıb, şirkətdə boş olan yerlər üçün məzunlar və son kursun tələbələri cv-lər təqdim ediblər.

Görüşün sonunda  ADAU-nun rektoru , AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov şirkətin universitetlə əlaqələrinin bu səviyyədə olmasından razılığını bildirib, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini açıqlayıb.