Aqronomluq fakültəsində dekanın hesabatı dinlənilib

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru,  AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılovun hesabatını dinləyib. Bununla da fakültə dekanlarının illik hesabatı yekunlaşıb. Hesabatdan əvvəl bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələr kimi aqrar sektorun inkişafı da uğurla həyata keçirilir. Sonra dekan Məhərrəm İsmayılov hesabat məruzəsi ilə çıxış edib.

Dekan son bir ildə torpaqşünaslıq və aqrokimya kafedrasında müasir tələbata cavab verən 104,105,106 saylı otaqlardakı təminatdan danışıb. Bildirib ki, son günlər 111 saylı auditoriyada Kənd Təsərrüfat Naziri Heydər Əsədovun təşəbbüsü ilə yaradılan və qərb bölgəsində aparıcı olacaq  müasir “torpaqşünaslıq və aqrokimya” laboratoriyası bir neçə günə istifadəyə veriləcək. Bağçılıq kafedrasında görkəmli üzümçü–alim Famil Şərifovun adına 116 saylı  auditoriya isə artıq tələbələrin istifadəsindədir.

M. İsmayılov 5 istixanadan, ümumi əkinçilik, genetika və seleksiya kafedrasında 302, 324 saylı otaqlardan, Goranboy rayonunun  Xoylu kəndində yeni salınan meyvə bağlarından, bitkiçilik və bitki mühafizəsi kafedrasında yaradılan laboratoriyalardan, biologiya  kafedrasına qiymətli mikroskopların alınmasından, ekologiya mühəndisliyi və meşəçilik kafedrasına “meşəçilik” fənni üzrə avadanlıqlar gətirilməsindən və 201 saylı ekologiya laboratoriyasının tələbata uyğun olaraq hazırlanmasından da ətrafl danışıb. Dərslərin keyfiyyətli tədrisi üçün yetərli qədər kompyuter, noutbuk, proyektor, printer və ağıllı lövhələrin olması da işin səmərəsini artıran amillərdəndir.

Dekan həmçinin vurğulayıb ki, fakültədə son tədris ilində Ümumi əkinçilik, genetika və seleksiya, Torpaqşünaslıq və aqrokimya, Bitkiçilik və bitki mühafizəsi, Bağçılıq, Biologiya və  Ekologiya, meşəçilik kafedraları fəaliyyət göstərir. Hazırda fakültə üzrə 51 kompyuter, 18 printer, 18 proyektor, 12 notebook, 70 müasir tələbata cavab verən mikroskop, 4 ağıllı lövhə və digər avadanlıqlar  var.

Fakültədə ixtisaslar üzrə müəyyən dərslər əyanilik baxımından müxtəlif bölgələrdə keçirilib. Goranboy rayonunun Xoylu kəndində, Şəmkir rayonunun Qapanlı fermer təsərrüfatında və başqa bölgələrdə keçilən dərslər əhəmiyyətinə görə fərqlənib. Bundan başqa, aqronomluq ixtisasının tələbələrinə ABŞ İllinoys Universitetinin professoru  Məhəmməd Babadoostun, Timiryazev adına Rusiya Dövlət Aqrar Universitetinin professoru  Yelena Kalaşnikovanın və Yevgeniy Koşkinin, Sloveniyanın Nova Qorica Universitetinin professoru Mladen Frankonun, Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nun professoru Həsənəli Aslanovun ustad dərsləri keçməsi də təhsil alan tələbələrin ixtisası öyrənməsində müsbət təsir göstərib.

Hesabat məruzəsi ətrafında olan çıxışlarda isə dərslərin sahələrdə keçilməsinə daha çox üstünlük verilməsindən, dərs qrafiklərinin indidən tutulmasından danışılıb.

Sonda rektor İbrahim Cəfərov bir daha deyib ki, görülən işlər bizim uğurlarımızdır. Amma dövlətin yaratdığı şəraitdən maksimum bəhrələnmək lazımdır. Əsas işimiz kənd təsərrüfatının inkişafına gərəkli kadrlar hazırlamaqdır və biz kadr bazasını gücləndirməliyik.