AQRAR UNIVERSİTETDƏ ƏLAÇI TƏLƏBƏLƏRƏ  ƏLAVƏ TƏQAÜD AYRILDI

Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrin təhsilə marağının daha da artırılması məqsədilə rektorluq tərəfindən mütəmadi stimullaşdırıcı tədbirlər həyata keçirilir və bu cür tədbirlər artıq ənənə şəklini alıb. 
Kənd təsərrüfatı nazirliyinin əmrinə əsasən 2015-ci ildə qəbul imtahanlarında 250-dən çox bal toplayaraq aqronomluq, zootexniklik və baytarlıq ixtisasları üzrə dövlət sifarişi əsasında bakalavriat səviyyəsi əyani təhsil formasına qəbul edilən tələbələrə birinci semestrdə aldıqları təqaüddən əlavə universitetin xüsusi (büdcədənkənar) vəsaitləri hesabına ayda 100 manat ödənilib. Nazirliyin sözügedən əmrində bu tələbələrə növbəti sessiyalarda imtahanlardan yüksək qiymət aldıqları və universitetin ictimai həyatında fəal iştirak etdikləri halda həmin həcmdə əlavə vəsaitin ödənilməsinin təmin olunması qeyd edilib. 
Həyata keçirilən bu tədbirlər universitetdə kənd təsərrüfatı ixtisasları üzrə mütəxəssis hazırlığına böyük önəm verir, digər ixtisaslar üzrə təhsil alan tələbələri də daha yüksək göstəricilərlə oxumağa ruhlandırır. Bu baxımdan belə qisim tələbələrin maddi cəhətdən stimullaşdırılmasına zərurət yaranır. 
Artıq Universitetin elmi şurası qərara alıb ki, aqronomluq, zootexniklik və baytarlıq ixtisasları üzrə 2015-ci ildə qəbul imtahanlarında 250-dən çox bal toplayaraq dövlət sifarişi əsasında ADAU-nun bakalavriat səviyyəsi əyani təhsil formasına qəbul olunan birinci kurs tələbələrinə 2015/2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasında yüksək qiymətlər aldıqlarına və universitetin ictimai həyatında fəal iştirak etdiklərinə görə aldıqları təqaüddən əlavə universitetin xüsusi (büdcədənkənar) vəsaiti hesabına ikinci semestrdə ayda 100 manat, 2015-ci ildə qəbul imtahanlarında 600-dən çox bal toplamaqla bakalavriat səviyyəsi əyani təhsil formasına qəbul olunan birinci kurs tələbələrinə 2015/2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasında yüksək qiymətlər aldıqlarına görə aldıqları təqaüddən əlavə ikinci semestrdə ayda 100 manat, 2015-ci ildə qəbul imtahanlarında 500-dən çox bal toplamaqla bakalavriat səviyyəsi əyani təhsil formasına qəbul olunan birinci kurs tələbələrinə 2015/2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasında yüksək qiymətlər aldıqlarına görə aldıqları təqaüddən əlavə ikinci semestrdə ayda 50 manat, payız semestrinin imtahan sessiyasında 5 fəndən 100, 1fəndən 91-100 bal toplayan tələbələrə aldıqları təqaüddən əlavə ikinci semestrdə ayda 100 manat, payız semestrinin imtahan sessiyasında 4 fəndən 100, 2 fəndən 91-100 bal toplayan tələbələrə aldıqları təqaüddən əlavə ikinci semestrdə ayda 80 manat, payız semestrinin imtahan sessiyasında 1,2 və ya 3 fəndən 100, digər fənlərdən 91-100 bal toplayan tələbələrin hər birinə 100 manat məbləğındə birdəfəlik stimullaşdırıcı, payız semestrinin imtahan sessiyasında 1 və ya 2 fəndən 100, digər fənlərdən 71-100 bal toplayan tələbələrin hər birinə 70 manat məbləğındə birdəfəlik stimullaşdırıcı təqaüd verilsin. 
Ümumilikdə 150-yə qədər tələbə bu cür əlavə təqaüddən yararlanacaq.