AQRAR UNİVERSİTETDƏ FERMERLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB

Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsində Gəncə və ətraf bölgələrdən olan fermerlərlə təhsil müəssisənin professor, müəllim və tələbə heyəti bir araya gəlib, səmimi və işgüzar görüş keçirilib. Kənd təsərrüfatının inkişafı məqsədilə keçirilən toplantı-görüşün əsas məqsədi fermerlərə yaxından kömək göstərmək, nəzəriyyə ilə təcrübənin fermer təsərrüfatlarına tətbiqini təmin etmək olub. 
Görüşdə 8 rayondan 40-dan artıq fermer iştirak edib. Toplantıdan əvvəl fermerlər universitetin tədris bazası ilə tanış olub, ayrı-ayrı laboratoriyaların iş fəaliyyəti barəsində geniş məlumat əldə ediblər. Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov bildirib ki, bu gün aqrar elmin qarşısında çox ciddi məsələlər durur. Ən vacib olanı isə nəzəriyyə ilə təcrübənin vəhdətidir. Bunun üçün də təbii ki, tələbə sahələrdə olmalı, öyrəndiklərini əkinçilikdə və heyvandarlıqda tətbiq etməlidir. Bu zaman həm tələbə mükəmməl kadr kimi formalaşar, həm də təsərrüfat sahibi qazanar. Bu cür görüşlər ayda ən azı iki dəfə keçirilməlidir. 
Görüşün sonunda 3 fermer təsərrüfatı ilə müqavilə imzalanıb, tərəflər götərilən öhdəliklərə razılığını bildirib və fermerlərin təsərrüfatlarından universitetin bazası kimi istifadə olunması, tələbələrin orada təcrübə keçməsi razılaşdırılıb. Müqavilə imzalanan təsərrüfatlarda istixana şəraitində xiyar, çiyələk, eləcə də üzüm, paxlalı və dənli bitkilər yetişdirilir.
ADAU-nun özünün də 70 hektar təcrübə sahəsi, quşçuluq, qapalı və açıq balıqçılıq, arıçılıq sahəsi var.