AQRAR UNİVERSİTETDƏ QADINLARIN BAYRAMI TƏBRİK EDİLİB

Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı həmişə uca tutulub. Azərbaycan qadını bütün dövrlərdə öz zəkası və əzmi ilə milli-mənəvi dəyərlərin yaşadılmasında müstəsna xidmətlər göstərib.

Bütün bunlar barədə Azərbaycan Dövlət Aqrar Universitetində 8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə keçirilən yığıncaqda ətraflı danışılıb, kollektivin qadın üzvləri təbrik edilib.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov çıxışında bildirib ki, tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz qadınların adı ilə bağlıdır. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verib.

Tədbirdə 85 xadiməyə 17 lobarant və müəllimə pul mükafatı verilib. Universitetin ictima-siyasi həyatında fəal olan, təhsildə fərqlənən tələblər isə sertifikat və fəxri fərmanlarla təltif edilib.

Sonda ADAU-nun özfəaliyyət dərnəyinin üzvləri geniş konsert proqramı ilə bir daha xanımların bayramını təbrik edib.