AQRAR UNİVERSİTETİN REKTORU QİYABİ OXUYAN TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB

        Azərbaycan Dövlət Aqrar Universitetində qiyabi oxuyan birinci kurs tələbələrinin yay imtahan sessiyasının başlanmasına az vaxt qalıb. Artıq imtahan cədvəlləri hazırlanıb, suallar nəzərdə tutulduğu vaxtda tələbələrə verilib, onların dərs müddətində davamiyyətinin qiymətləndirilməsinə başlanılıb. Bununla yanaşı imtahan zalları da tam şəraitə uyğun hazır vəziyyətə gətirilib.Həmişə olduğu kimi bu dəfə də universitetin rektoru, proessor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov imtahan qabağı tələbələrlə görüşüb, onların qayğıları, problemlərinin olub olmaması ilə maraqlanıb. Əvvəlcə yığcam tərkibdə tələbələri dinləyən rektor günün ikinci yarısında imtahan verəcək 145 nəfərlə görüşüb. Bildirib ki, sizin üçün yaradılan şəffaf mühit və şərait ilk olaraq biliklərinizin düzgün qiymətləndirilməsinə istiqamətləndirilib. Əvvəldən təqdim edilən test suallarını düzgün cavablandırmaq artıq akademik məsləhətçilərdən və müləllimlərinizdən nə dərəcədə öyrənməyinizdən asılıdır. Hər iki görüşdə tələbələr onları düşündürən suallar səsləndirib və yerindəcə ədalətli cavab alıblar. Təhsil haqqını tam ödəyə bilməyən tələbələrin isə imtahana buraxılmasında problem olmayacağı deyilib.