ADAU-nun rektoru Oğuz rayon məktəbliləri ilə görüşüb

“Azərbaycan Dövlət Aqrar Universitetini tanıdaq” layihəsi çərçivəsində Oğuz  rayon məktəbliləri ilə keçirilən görüşdə  təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirak edib.

Artıq bir neçə ildir müxtəlif rayonlarda  bu cür görüşlər keçirilir və orta məktəb məzunlarına təhsil müəssisəsi barədə ətraflı məlumatlar verilir.

Oğuz rayonunda buraxılış sinif şagirdləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüş  maraqlı olub, bir sıra suallara aydınlıq gətirilib.

Tədbirdə Azərbaycan Dövlət Aqrar Universiteti haqqında tanıtım filmi nümayiş olunub. Görüşdə rektor İbrahim Cəfərov ölkədə aqrar sahənin inkişafından və aqrar təhsilə dövlət qayğısından danışıb.

Oğuz rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Qurbanov tədbir iştirakçılarına bildirib ki, rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Daha böyük uğurlara imza atmaq üçün  keyfiyyətli və bacarıqlı kadrlara ehtiyacımız var və təbii k, bu ehtiyacı da məhz ADAU ödəyəcək.

ADAU-nun məsul katibi Telman Musayev isə təhsil müəssisəsinin mövcud uğurlarından, maddi texniki bazanın gücündən danışıb və xüsusi vurğulayıb ki, Universitet tələbələri yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana ilə də təmin edir.