ADAU-nun rektoru ERASMUS+ proqramının məzunu olan tələbələrlə görüşüb

Son illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) beynəlxalq əlaqələrinin genişlənməsi beynəlxalq, o cümlədən ERASMUS+ proqramı çərçivəsində Avropanın aparıcı universitetləri ilə müəllim və tələbələrin mübadiləsinin xeyli dərəcədə artmasına səbəb olmuşdur. Təkcə bir faktı qeyd etmək olar ki, son 5 il ərzində ADAU-nun 200-dən çox tələbəsi müxtəlif proqramlar çərçivəsində xarici ölkələrdə öz təhsillərini davam etdirmiş, təcrübə keçmişlər. Türkiyə, Rumıniya, Macarıstan, Sloveniya və Polşada  təhsillərini başa vurmuş bir qrup tələbəni qəbul edən universitetin rektoru, AMEA-nın müxbir üzvu, professor İbrahim Cəfərov tələbələrin təəsüratları, tədris və elmi-tədqiqat prosesində, tələbə həyatında olan oxşar və fərqli cəhətləri, üstün təcrübələri yerli şəraitə uyğun formada tətibi imkanları barədə müzakirə aparıb. Tələbələr son illərdə ADAU-da aparılan işləri  təhsil aldıqları universitetlərlə müqayisəli şəkildə çox yüksək qiymətləndirməklə yanaşı, imtahan formaları, fənlərin seçilməsi, kreditlərin transferi, tədris planlarının uyğunlaşdırılması, bütövlükdə tələbələrin akademik hüquqları barədə danışıblar.

Müzakirənin səmimi şəraitdə keçməsini və əhəmiyyətini nəzərə alaraq, qeyd olunan məsələnin universitet Elmi Şurasında tələbələrin iştirakı ilə müzakirə olunması qərara alınıb.